Dövlət Komitəsi: “Üç Tac” yaşayış kompleksi yaxınlığında tikintiyə icazə icraatı həyata keçirilmir
Son iki gündə paytaxtda “Üç Tac” və yaxud “Tri Korona” kimi tanınan binaların yaxınlığındakı gölün qurudulması və yerində inşaat işlərinin aparılması barədə məlumat yayılıb.
APA TV-nin çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adı çəkilən ərazidə olub.
Biz ərazidə olarkən burada heç bir tikinti işləri aparılmırdı. Nə hansısa texnika, nə də tikinti şirkətinin nümayəndələri gözə dəyirdi.
Məsələyə aydınlıq gətirmək Yasamal Rayon İcra Hakimiyyətinə üz tutduq. İcra Hakimiyyətindən bildirildi ki, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsinin sahilində son günlər ərzində aparılmış torpaq planlaşdırma işləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Hazırda isə həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç bir inşaat yoxdur, göl qurudulmur".
Məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də münasibət bildirib. Qeyd olunub ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsinin sahilində son günlər ərzində aparılmış torpaq planlaşdırma işləri ilə bağlı sosial media və mətbuatda yer almış məlumat Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən operativ qaydada araşdırılıb. Müəyyən edilib ki, sözügedən ərazidə hər hansı tikinti niyyəti ilə bağlı Komitəyə müraciət daxil olmayıb və həmin sahədə tikintiyə icazə icraatı həyata keçirilmir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, həmin ərazini nəzarətə götürüb və şəhərsalma qanunvericiliyinin tələblərinə, habelə ətrafda yaşayan sakinlərin mənafelərinə zidd olan hər hansı tikinti işlərinin aparılmasına yol verilməyəcək.