Dövlət Komitəsinin rəsmisi: “Ölkədə radikallaşmaya maraqlı qüvvələr var”
“Radikal qruplaşmalara qoşulan 400 nəfərdən çox şəxsin vətəndaşlığı ləğv edilib. Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var, amma digərləri müxtəlif ölkələrdə gizlənirlər”
APA TV-nıin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov belə deyib.
Əlavə edib ki, bəzi qadınlar və uşaqlar da İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar: "Valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Burada mürəkkəb bir məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən həmin qadınların bəziləri ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var”.
Səyavuş Heydərov bildirib ki, bu gün din azadlığı anlayışı bir alətə çevrilib: "Onlar məsələnin əsl mahiyyətini başa düşməyərək Azərbaycana qarşı yönəlmiş təhdidlərdə bir alətə çevrilirlər. Din örtüyü altında pərdələnmiş bəzi şəxslərin ötən illərdə bir sıra ağır cinayətlər törətməsinin şahidi olmuşuq. Siyasi müstəvidə də bəzi şəxslər bunun mahiyyətini anlamadan, bəziləri isə anlayaraq öz maraqları naminə alətə, vasitəyə çevrilirlər. Bir sözlə, bəzi qüvvələr ölkədə radikallaşmaya maraqlıdırlar".
Komitə sədrinin müavini bildirib ki, həmin qüvvələr insanları dövlətlə, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya yönləndirirlər: “Qarşıdurmalar zamanı dövlət milli təhlükəsizliyini qorumaq üçün qəti addımlar atmaq məcburiyyətində qalır. Bu zaman isə dövlətin atdığı addımlar müəyyən qüvvələr tərəfindən radikal addımlar kimi dəyərləndirilir”.
Sədr müavini Azərbaycanda dini icmaların fəaliyyətinə də diqqət çəkib:
“Nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil”.
Onun sözlərinə görə, Azərbaycandakı dini vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb.
Qeyd edək ki, oktyabrın 31-də Bakıda "Din və insan hüquqları" mövzusunda konfrans keçirilib.