Dövlət Miqrasiya Xidməti: Azərbaycanda 539 Çin vətəndaşı var
"2019-2020-ci il miqrasiya sahəsi dinamik inkişaf edib və ölkəyə səfər edən əcnəbilərin sayı artıb".
APA TV-nin məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O, qeyd edib ki, bu ilin iki ayı ərzində ölkəyə gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb: "2019-cu il illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 11% artım müşahidə olunmaqdadır. 2019-cu ilin nəticələrinə görə, ölkəmizə gələn əcnəbilərin sayı 3 milyondan çox olub. Bu da əvvəlki illə müqayisədə böyük artım deməkdir".
Xidmət rəisi qeyd edib ki, suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb: "Qaçqın məsələləri ilə bağlı müraciətlərdə artım mövcuddur. Bu həm qaçqın statusu alanların, həm də müraciətlərin sayında özünü göstərir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, sığınacaq axtarmaq üçün digər ölkələri nəzərdən keçirən şəxslər ölkəmizə pənah gətirirlər. Ölkəmizə qaçqın kimi gələn şəxslərin müraciətləri hərtərəfli, beynəlxalq tələblərə uyğun olaraq araşdırılır və müvafiq qiymət verilir".
Koronavirus məsələsinə də toxunan Vüsal Hüseynov bildirib ki, hazırda Azərbaycanda 539 Çin vətəndaşı var: "Ölkəmizdə Çin vətəndaşları var. Burda onların ölkədə olma müddəti bitibsə, bu şəxslər təbii ki, ölkəni tərk etməlidirlər. Amma bəzi hallarda ola bilir ki, aviadaşıma və ya digər səbəblərdən bu şəxslərin ölkəni tərk etməsi mümkün olmadıqda Miqrasiya xidməti tərəfindən bu şəxslərə müsbət yanaşma tətbiq olunur".
Qeyd edək ki, ölkədə olan 500-dən çox Çin vətəndaşının 69-u Azərbaycana fevralın 1-dən sonra gəlib.