Dövlət orqanlarının əməkdaşları vaksinasiya prosesinə cəlb edilib

Nazirlər Kabinetinin 32 işçisinə bu gün koronavirus əleyhinə vaksin vurulub.

 

APA TV–nin məlumatına görə, vaksinasiya prosesi Klinik Tibbi Mərkəzin modul tipli xəstəxanasında həyata keçirilir:

 

Proses hazırda 14 otaqda aparılır. Gələn şəxslərin öncə təzyiqinin və ya səhhətində digər problemlərin olub-olmadığı yoxlanır, daha sonra onlara vaksin vurulur. Otaqlar vaksin vurulması üçün lazım olan bütün tibbi avadanlıqlarla təchiz olunub.

 

Həkim infeksionist Maisə Heybətova jurnalistlərə açıqlamasında vaksinasiya prosesinin hər gün səhər saatlarından başlayaraq gün ərzində davam etdiyini bildirib. Hələlik Nazirlər Kabinetinin əməkdaşları prosesə cəlb edilsə də, davamlı olaraq bütün dövlət işçiləri vaksinasiya ediləcək. Proses könüllülük prinsipi əsasında həyata keçirilir: “Dövlət qulluqçularının vaksinasiyası üçün bizim Klinik Tibbi Mərkəzin tərkibində olan modul tipli xəstəxana ayrılıb. İki gündür vaksinasiya işləri gedir. Vaksinasiya işinə tam hazırıq. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir. Həkimlərimizə də "CoronoVac" vaksinindən vurulub. Bununla bağlı bizə heç bir şikayət də daxil olmayıb".

 

Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunur. Xüsusi nəzarət altında açıldıqdan sonra istifadə edilir:

 

- Əlbəttə könüllü olaraq gəlmişəm. Lakin hər kəs gəlməlidir. Çünki vaksin təhlükəsiz vaksindir. Azərbaycan dövləti heç bir vaksini elə-belə almaz. Bu vaksinlərin alınması müəyyən mərhələlərdən keçib. Buna görə, hər kəsə məsləhət görürük ki, vaksinasiyadan keçsinlər.

 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya prosesinə cəlb olunub. İkinci mərhələdə isə yüksək riskli xəstəlikləri olan şəxslər, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun işçiləri və əhali ilə  birbaşa təmasda olan digər şəxslərə vaksin vurulacaq. Ölkədə Çinin “Sinovac” şirkətinin istehsalı olan "Coronavac" vaksinindən istifadə olunur.

 

Xələf Xələfov,

Əli Əkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv