Dövlət qulluğu imtahanları daha əvvəlki kimi keçirilməyəcək

Dövlət İmtahan Mərkəzinin "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı"nın müzakirəsi keçirilib.

 

Müzakirə dövlət orqanlarının kadr qurumlarının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlarda fəal iştirakının təmin edilməsi, dövlət orqanları ilə Mərkəz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin artırılması, habelə Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranan çətinliklər və onların həlli yollarının müzakirə edilməsi məqsədilə təşkil edilib.

Tədbirdə 35 dövlət orqanından 40-dan çox nümayəndə, beynəlxalq ekspertlar və Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hazırda dövlət qulluğunda çalışanların 18 faizinin 30 yaşa qədər şəxslər olduğunu bildirib.

Məleykə Abbaszadə onu da vurğulayıb ki, bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırlar.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğunda səriştə modeli, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması və vəzifə profillerinin hazırlanması, dövlət qulluqçuları üçün təlimlərin təşkili ilə bağlı müzakirələr aparılıb, eyni zamanda dövlət orqanı nümayəndələrinin sualları cavablandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv