Dövlət qurumlarının müraciətləri əsasında səyyar vaksinasiyaya başlanılıb

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi davam edir.

 

APA-TV-nin  məlumatına görə, Bu dəfə 1 saylı "ASAN xidmət" mərkəzində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarına vaksin vurulmasına başlanılıb.

 

TƏBİB-in departament rəhbəri Aygün Əliyevanın sözlərinə görə, yanvar ayının 18-dən başladılan vaksinasiya aidiyyəti üzrə davam etdirilir: “Bu gündən başlayaraq vaksinasiya prosesini sürətləndirmək və tibb məntəqələrində sıxlığın qarşısının alınması, eyni zamanda, bizə gələn çoxsaylı müraciətlər nəzərə alınaraq, yerində səyyar briqadalar təşkil olunmaqla vaksinasiya prosesinə başlanılıb.  İlk proses 1 saylı “ASAN xidmət”də həyata keçirilir. Xidmətin 75 əməkdaşı könüllü şəkildə bu prosesə cəlb olunub. Briqadamız bütün zəruri tibbi təchizatla təmin olunub. Mərkəzdə prosesin uğurla həyata keçirilməsi və yüksək səviyyədə təşkili üçün vaksin və qeydiyyat otağı təşkil olunub”.

 

Vaksin olunmaq üçün gələn şəxslərin öncə müvafiq otaqlarda qeydiyyatı aparılıb, hər hansı xəstəliklərinin olmadığı dəqiqləşdirildikdən sonra onlar peyvənd olunublar.

 

TƏBİB-dən onu da bildiriblər ki, daha bir neçə dövlət qurumundan vaksinasiya üçün müraciətlər daxil olub. Yaxın günlərdə digər “ASAN xidmət” filiallarında, həmçinin Azərişıq, Azərsu, Azəriqaz və digər dövlət orqanlarında vaksinasiya prosesi davam etdiriləcək.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv