Dövlət təminatı ilə boyu uzatmaq olurmuş

 

Azərbaycanda boyu balaca olan, inkişafdan qalan uşaqlar dövlət təminatı ilə ödənişsiz müalicə ala bilirlər. Qeydiyyata götürülən uşaqlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənişsiz boy hormonu ilə təmin olunurlar. Boy artımına, böyüməyə təsir edən edən faktorlar arasında genetik, hormonal çatışmazlıqlar, qidalanma pozğunluqları və bəzi xəstəliklər var. Sən demə, boyun qısalığı 10-15 yaşında deyil, 6 aylığından etibarən müəyyən edilir. Bəs hormon preparatı hansı hallarda qəbul edilməlidir? Əslində uşağın boyu epifizar qığırdaq sümüklərinin uclarında olan böyümə nöqtələrinin hesabına artır. Həqiqi boy qısalığı olanlara o nöqtələrin sümükləşmə anına qədər uyğun miqdarda boy hormonu preparatının verilməsində əks göstəriş yoxdur. Məlumat üçün bildirək ki, hər cəmiyyətin genetik boy xüsusiyyətləri var. Məsələn, Avropa Ölkələrində insanlar daha hündür sayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada bir kişinin ortalama boyu 180 sm, qadının 167-dir. Dövlət Statistika Komitəsinin məlumatına istinadla deyə bilərik ki, Azərbaycanda kişilər üçün orta boy 171,1 sm, qadınlar üçün isə163,6 sm-dir. Bu göstəricilər 2021-ci ilə aiddir və sonrakı iki il barədə məlumat yoxdur. Amma daha əvvəlki statistika ilə müqayisə edəndə isə cüzi azalmalar sezilir. Tibbi tədqiqatçılar bunu pandemiya dövründə qəbul edilmiş lüzumsuz steroid kimi preparatlar, həmçinin oturaq həyat tərzi ilə əlaqələdirir.

AYNUR QARA

TURAL ƏLİZADƏ

APA TV

Müəllif | Apa.Tv
Apa.tv