Dövlət Xidməti: 2600-dən çox tarix və mədəniyyət abidəsi ermənilər tərəfindən məhv edilib

"Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasəti eyni zamanda Azərbaycanın mədəni irsini hədəf alıb".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli bildirib.

 

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 30 ilə yaxın müddətdə Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq məhvə məruz qalıb: "Ölkəmizin digər əraziləri kimi işğala məruz qalmış torpaqlarımız da tarix-mədəniyyət abidələri ilə zəngindir. İşğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilib və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir”.

 

Ağdam rayonunda yerləşən Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonundakı Xudafərin körpüləri, Niftalı kurqanları, Xocavənd rayonunda Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonunda Xocalı kurqanlarının təkcə Azərbaycan xalqı üçün deyil, həmçinin dünya mədəni irsi və xəzinəsi üçün əhəmiyyətli və təkrarolunmaz önəmə sahibdir.

 

Azad Cəfərli qeyd edib ki, guya Azərbaycan Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən “Qazançılar kilsəsi”nin zərər görməsinə dair Ermənistan tərəfinin apardığı çirkin kampaniya isə həqiqəti əks etdirmir və Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən abidə mədəni irsimizin ayrılmaz tərkib hissəsidir.

 

Əməkdar artist, Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bildirib ki, Şuşadakı “Qazançılar kilsəsi”nin erməni mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir: “Bu kilsənin bərpası zamanı “Qazançılar kilsəsi”nin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. “Qazançılar kilsəsi” erməni bədii dilində yox, rus bədii dilində tikilib".

 

Provaslavlıq ilə qriqoryanlıq arasında böyük fərq olduğunu bildirən Fəxrəddin Miralayev deyib ki, “Qazançılar kilsəsi”nin pəncərələri uzundur, bu isə rus kilsələrinə xasdır. Çünki Erməni kilsələrinin pəncərələri kiçik ölçülü olur.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə xatırladıb ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana dağıdılıb:

 

“808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi isə talan edilib”, - deyə Məryəm Qafarzadə vurğulayıb.

 

Mir Çingiz Ağazadə

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv
Apa.tv