Dövlət Xidməti: Müddətli hərbi xidmətə çağırılanlar cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir

Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib.

 

APA TV xəbər verir ki, bunu  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

 

Onun sözlərinə görə, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Dövlət Xidmətinə və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər: "Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik".

 

General-mayor bildirib ki, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi, ildə 4 dəfə həyata keçirilən prosedurdur: “Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbinin sirləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”.

 

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən, oktyabr çağırışına başlanılıb.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv