Döyüş yoldaşına “evin tək oğlusan, kənara çəkil” dedi - REPORTAJ
Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri də Ucar rayon sakini, 23 yaşlı Xəyal Rafiq oğlu Cəbrayılovdur.
APA TV-nin xəbərinə görə, Xəyal Cəbrayılov 1998-ci ildə Ucar rayonunun Lək kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Ailənin kiçik olmasına baxmayaraq, “müharibə başlayarsa, ilk cəbhəyə gedənlərdən biri də mən olacağam” deyirdi.
29 sentyabr 2020-ci il sanki Xəyal Cəbrayılovun xəyallarının gerçəkləşdiyi gün oldu. Vətən Müharibəsi başlayandan iki gün sonra könüllü olaraq cəbhəyə yollanan Xəyal Cəbrayılov cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Füzuli, Qubadlı, Xocavənd rayonlarının və Daşaltının işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə xüsusi şücaəti, qəhrəmanlığı və qətiyyəti ilə hər zaman fərqlənib.
Atası Rafiq Cəbrayılov deyir ki, son döyüşü isə noyabrın 5-də Daşaltı uğrunda olub və döyüş yoldaşları ilə birlikdə gecə saatlarında minaya düşərək şəhidlik zirvəsinə yüksəlib: “Füzulidən Daşaltıya qədər vuruşa-vuruşa kəşfiyyatda olub. Onu orda “Snayper Cəbi” kimi tanıyırdılar. Böyük şücaətləri olub. Özüm də 1992-1993-cü illərdə vuruşmuşam. Mənim edə bilmədiyimi övladım elədi. Gəclərimizlə birlikdə mənim övladım da şücaət göstərdi və aldılar torpağı”.
Xəyal anası Səbinə xanımla son görüşündə evə bayraqla qayıdacağını söz verir: “Mən bir az pis oldum, dedim ki, Xəyal, özünü gözlə, bilirsən ki, mən sənsiz yaşaya bilmərəm. Dedi ki, ana, qorxma əlimdə bayraq ilə gələcəyəm. Mənə erməni gülləsi dəyə bilməz. Telefonla danışanda mənə deyirdi ki, ana, qürurlu danış”.
Qardaşı Məhərrəm Cəbrayılov deyir ki, Xəyal döyüşə qatılacağına görə sevinirmiş: “Sevinirdi ki, döyüşlərdə, torpaqlarımızın alınmasında iştirak edəcəyəm, getdi şəhid oldu. Qismətində şəhid olmaq var imiş”.
Döyüş yoldaşı Ceyhun Hümbətov deyir ki, Xəyal mərd, qorxmaz və dost yolunda sözün əsl mənasında ölümə getməyə hazır olan bir insan idi. “Xəyal bir ay müddətində yaxın döyüş yoldaşımız olub. Axırıncı dəfə Daşaltı əməliyyatında döyüşdük. Cəsur oğlan idi. Mən evin tək oğlu olduğuma görə razı deyildi mənim öndə vuruşmağıma. Deyirdi ki, sən çəkil, mən özüm gedəcəyəm”.
Əsgər Xəyal Rafiq oğlu Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV