Döyüş yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəldi - REPORTAJ

44 günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək.

 

APA TV xəbər verir ki, şəhid MAXE Təbriz Letman oğlu Alməmmədov da onlardan biridir. Lap uşaqlıqdan vətənpərvər böyüyən Təbriz elə Vətən yolunda da canından keçib.

 

Döyüşlərdə yaralanmasına baxmayaraq, o, yoldaşlarını tək qoymayıb. Müalicə aldıqdan sonra yenidən ön cəbhəyə yollanıb.

 

Sentyabrın 27-dən etibarən ordumuzun əks-hücum əməliyyatlarında Təbriz qəhrəmanlıqla döyüşüb. Sentyabrın 29-da qəlpə yarası alan Təbriz bir müddət hospitalda müalicə alıb, sonradan isə yenidən döyüşlərə qatılıb.

 

Şəhidin atası Letman Alməmmədov indi övladları haqqında fəxarətlə danışırlar: “Döyüş başlayandan 2 gün sonra yaralanmışdı, ordan da gəldi 25 gün yatdı. Müalicə aldı. Sonra da gedəcəm dedi. Uşaqlar orada təkdir, mən onları orada buraxa bilmərəm, gedim döyüşə. Sadəcə, özü elə bil ki, darıxırdı. Deyirdi, necə yəni mən burada qalım, uşaqlar da ordadır. Gedim orda uşaqlara kömək edim. Özü getmək istəyirdi. Sağalandan sonra getdi. Axırıncı dəfə Hadrutdan bizə zəng elədi. Ayın 1-də bizə zəng elədi Hadrutdan”.

 

Şəhidin anası Gülnarə Cəfərova oğlunun uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərdiyini deyir. Təbriz uşaq vaxtından kəşfiyyatçı olmaq istəyirmiş. Müharibənin ilk günlərindən ön xətdə olub: “Hər dəfə də mən ondan soruşanda, Təbriz, bala, qorxuludur, ehtiyatlı olun, deyirdi, yox ana, birincisi, əsgər, hərbçi valideyni olmaq hər valideynin işi deyil. İkincisi də, əgər şəhid də gəlsəm, həmişə başınızı uca tutun. Sonuncu dəfə mənimlə Hadrutdan danışdı. Dedi, ana, burada uşaqlarla oturmuşuq, çörək yeyirik. Dedi ki, artıq sondur, bir az da dözün, sağ-salamat qayıdıb gələcəyik evimizə. Ayın 1-dən sonra uşaqla əlaqə kəsildi. Bir də ayın 10-da bizə səhər-səhər xəbər verdilər ki, Təbriz şəhid olub”.

 

Təbrizin son döyüşü noyabrın 7-də Şuşa istiqamətində olub. Şəhidin anası deyir ki, döyüş yoldaşlarının sözlərinə görə, bir neçə düşməni məhv edərək irəliləyən Təbriz yaralı yoldaşını döyüş meydanından çıxararkən düşmən snayperinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib: “Təbrizi səsləyəndə dedi ki, Allahverdi yaralanıb, gedirəm onu götürəm. Dedim ki, Təbriz, ehtiyatlı ol, snayper güdür. Deyib, yox, sürünə-sürünə gedirəm, ordan Allahverdini götürməliyəm. Beş dəqiqədən sonra Təbrizi səsləyəndə artıq gördüm ki, Təbrizdən səs gəlmədi”.

 

Təbriz qonşularının, dostlarının da sevimlisi olub. Onu itirmək yaxınları üçün çox ağırdır. Təbriz onların xatirələrində daim yaşayacaq:

 

- Gözümüzün qabağında böyüyən, çox tərbiyəli, ağıllı uşaq idi. Böyüyəndən sonra da böyüyə-böyük, kiçiyə-kiçik bir uşaq idi. Həm də bu, uşaq yaşından həddindən artıq çox böyük görünürdü. Təzə düzəlmişdi hərbiyə, müharibə başladı. İlk döyüşlərdə yaralandı, elə Şirvana hospitala gətirdilər. Tam sağalmamışdı yaraları. Ayağında qəlpələr, başının qəlpəsi təzə götürülmüşdü. Evdəkilərə xəbər vermədən o, hospitaldan getmişdi.

 

- Elə arzulayırdı ki, hərbidə olmaq, şəhidlik zirvəsinə ucalmaq. Allah şəhidlik zirvəsini ona qismət elədi. Allah bütün şəhidlərə rəhmət eləsin. Təbriz də onun içində.

 

25 yaşlı Təbriz Alməmmədov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv