Döyüş yolu Cəbrayıldan Şuşayadək gedən qəhrəman
Səbuhi Babək oğlu Hüseynli 1997-ci il mayın 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində dünyaya göz açıb. Ailədə bir qardaş, bir bacı olublar.
Səbuhi altıncı sinfədək Ömər Ayatov adına Maqsudkənd kənd ümumi orta məktəbində, sonra isə Xudat şəhər 4 nömrəli texniki-fənlər təmayüllü məktəbdə təhsil alıb. 2014-cü ildə məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Səbuhi Ağdam və Tərtər rayonlarında hərbi xidmət keçib. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. Talış kəndi istiqamətində döyüşlərdə göstərdiyi şücaətə və nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif edilib.
Hərb sənətinə bağlı olan Səbuhi 2020-ci ilin may ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərib. O, Qusar rayonunda yerləşən hərbi hissədə xidmət edib. Səbuhi Hüseynli Vətən müharibəsi başlayanda düşmən üzərinə atılan ilk həmlə qruplarında yer alıb. Qorxmaz döyüşçü Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib.
Səbuhi Hüseynli oktyabrın 26-da Xocavənd-Şuşa istiqamətində döyüşdə baş-beyin nahiyəsindən ağır qəlpə yarası alıb. Qəhrəman döyüşçü cərrahi əməliyyatdan sonra komaya düşüb. Altı ay komada qalan Səbuhi Hüseynli 2021-ci il aprelin 15-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Xaçmaz rayonunun Maqsudkənd kəndində dəfn olunub.
23 yaşında şəhidlik zirvəsinə ucalan Səbuhi Hüseynli ailəli idi. Bir oğul övladı yadigar qalıb.
Döyüşlərdə göstərdiyi şücaətə görə Səbuhi Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.