DSK-nın qərarından şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Milli Məclisə seçkilərlə əlaqədar seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.
APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən seminarda Komissiya sədrinin müavini Rövzət Qasımov bildirib ki, MSK-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının əsas məqsədi Dairə Seçki Komissiyalarına daxil olmuş müraciətlərin dəqiq, operativ, qərəzsiz araşdırılması və məlumatların DSK-lara təqdim edilməsidir.
Hazırda Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda təşkil olunan seminarlar, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi Dairə Seçki Komissiyalarının 375 ekspert qrupu üzvünü əhatə edir.
Rövzət Qasımovun sözlərinə görə, ötən dövr ərzində Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub. Həmin Müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Mərkəzi Seçki Komissiyasının qərarı nəticəsində Dairə Seçki Komissiyalarının qərarlarından şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bütün seçki dairələrinin ərazisində, hətta rayonlarda açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilərək namizədlərin sərəncamına verilib. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklə həmin yerlərdən çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda ödənişli təşviqatla da bağlı Mərkəzi Seçki Komissiyasına təxminən 40 kütləvi informasiya vasitəsi müraciət edib. Namizədlər həmin kütləvi informasiya vasitələrinin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər.