DSX əməkdaşlarının vaksinasiyasına başlanılıb
Dövlət Sərhəd Xidməti əməkdaşlarının COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.
APA TV xəbər verir ki, peyvəndləmə prosesi Dövlət Sərhəd Xidmətinin hospitalında aparılır. Hospitalda xəstəliyin diaqnostikası üçün müasir laboratoriyalar təşkil edilib, peşəkar həkim kollektivi işə cəlb olunub.
Qaydalara uyğun olaraq vaksinasiya üçün gələn şəxslərin bu otaqda təzyiqləri ölçülür. Son 1 həftə ərzində hər hansı xəstəlik keçirmədikləri dəqiqləşdikdən sonra, vaksin vurulması üçün digər otağa göndərilirlər.
Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin rəisi, professor Kənan Yusif-Zadə bildirib ki, COVID-19-a qarşı vaksinasiya prosesi başlamazdan əvvəl bütün əməkdaşlara təlimatlar verilib və maarifləndirmə işləri aparılıb. Onun sözlərinə görə, ilkin olaraq 23 nəfər vaksinasiya edilib: “Bu gündən etibarən kütləvi şəkildə Dövlət Sərhəd Xidmətinin Bakı Qarnizonu üzrə, daha sonra hərbi hissələr üzrə vaksinasiya davam edəcəkdir. Bütün məlumatlar toplanaraq daha sonra təhlil olunacaq və Azərbaycanda qəbul olunmuş qərara uyğun olaraq Operativ Qərargaha göndəriləcəkdir. Bu şəraitin yaradılmasını biz çoxdan gözləyirdik və respublikada olan vəziyyətdən çox narahat idik. Yayılan pandemiya bizim ordu sıralarımıza, dövlət sərhədlərini qoruyan sərhədçilərimizə keçməsin deyə vaksinlərin vurulması çox mühüm rol oynayır”.
Kənan Yusfi-zadə həmçinin Dövlət Sərhəd Xidmətinin şəxsi heyətində pandemiya ilə bağlı vəziyyətin tam qənaətbəxş olduğunu, yoluxma hallarının minimuma endirildiyini bildirib.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb.
Xələf Xələfov,
Üzeyir Ağayev,
APA TV