DTX: Terrorçuluqda təqsirləndirilən “Muxtar” ləqəbli şəxs Azərbaycana ekstradisiya olunub

Terrorçuluqda təqsirləndirilən “Muxtar” ləqəbli şəxs Azərbaycana ekstradisiya olunub.

 

APA TV DTX-nın saytına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Mehdi Şükürov Cinayət Məcəlləsinin terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə və Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

 

Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də ölkəyə ekstradisiya olunub.

 

Hazırda cinayət işi üzrə araşdırma davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv