DTX-nin dövlət orqanında keçirdiyi əməliyyatın TƏFƏRRÜATI
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi İdarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı məlumat yayıb.
APA TV-yə daxil olan məlumatda bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsinin əməkdaşının yol verdiyi qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.
“Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hal-hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Beyləqan Ərazi İdarəsində əməliyyat keçirdiyi barədə məlumat yayılıb. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilib.