DTX-nin Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin APA TV-yə verdiyi məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Gəncə Şİ-nin müasir üslubda və tələblərə uyğun inşa edilmiş yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilmişdir. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiramlarını bildirərək, abidəsi önünə gül dəstələri qoyublar. Həmçinin Xidmət rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlər, inzibati binanın otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuş, tələb və tövsiyələr çatdırılmışdır. Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunmuş və həmin hərbi qulluqçulara təltiflər təqdim edilib.

Sonda general-polkovnik Əli Nağıyev Gəncə Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Müəllif | Apa.Tv
Apa.tv