DTX və DSX-dən birgə əməliyyat: saxlanılanlar var
Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
APA TV xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Xəbərə görə, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan vətəndaşı 35 yaşlı Sabirabad rayon sakini Rahim Ataşov 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub.
Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran vətəndaşları 56 yaşlı Mehriban Latif Mohsen və 42 yaşlı Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.
Məlum olub ki, Latif Mehriban daha əvvəl də, yəni 2008-ci ildə eyni əməllərə görə Azərbaycanda saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilmiş, İranda cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rahim Ataşov Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.