Dünya azərbaycanlılarından nümunəvi jest: qapılarını soydaşlarına açdılar
“El qapısı həm gec, həm güc açılar” deyillər. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə dünyanın dost, qardaş ölkələri bir-birinin üzünə qapı bağladığı bir vaxtda xaricdə yaşayan azərbaycanlılar “el ilə gələn dərd toy-bayramdır” deyib, evlərinin qapısını sərhədlərdə və hava limanlarında qalan soydaşlarına açıblar.
APA TV xəbər verir ki, sosial mediada vətənpərvərlik və qonaqpərvərlik sərgiləyən soydaşlarımız şəbəkələrdəki statusları ilə dünyaya qardaşlıq nümunəsi göstərirlər.
Türkiyə, İsveç, Fransa, Almaniya, Çexiya, İsrail və digər xarici ölkələrdən səsləri gələn həmvətənlərimiz uçuşların dayandırılması səbəbindən hava limanında qalan azərbaycanlıları qonaq çağırıblar. Yaşadıqları ünvanı, qarşılaya biləcəyi qonaq sayını və hətta telefon nömrəsini paylaşan soydaşlarımız sərhəddə qalanlara hər cür dəstək ola biləcəklərini qeyd ediblər.
Dünya azərbaycanlılarının bu addımını sosial media istifadəçiləri rəğbətlə qarşılayıb.
Qeyd edək ki, dünyanın 5 qitəsinin 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır.