Dünyanın aparıcı silah şirkətlərinin Bakıdakı son günü
Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi bu gün başa çatır. APA TV xəbər verir ki, 208 şirkətin təmsil olunduğu sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Türkiyə, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland, Rusiya, Belorus və digər ölkələrin də qatıldığı sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu ilki sərgidə Azərbaycanın istehsal etdiyi silahlar da hər kəsin diqqətini cəlb edib. Sərgidə iştirak edən “Samsun Yurt Savunma” hərb və sənaye şirkətinin nümayəndəsi Didem Aral sərginin uğurla keçdiyini və bir sıra şirkətlərlə əməkdaşlıq qurduqlarını bildirir: “Bu gün ADEX 2022-də bu üç günü birgə keçirdik. Silahlarımızı təqdim etdik. Bir sıra böyük şirkətlərlə əməkdaşlıq etdik, silah satdıq. Uğurlu başlanğıcdır. Əlbəttə sərgidən sonra əlaqələrimiz davam edəcək. “CANİK” ABŞ-da üçüncü, dünyada dördüncü ən böyük yüngül silah istehsalçısıdır”. Qeyd edək ki, sərgidə səkkiz ölkə öz milli stendləri ilə iştirak ediblər.