Dünyanın bu günü - 08.12.2019

 

1. 8 dekabr SSRİ-nin rəsmən süquta uğradığı gün kimi tarixə düşüb. 1991-ci il dekabrın 8-də Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Belorusiya Ali Sovetinin sədri Stanislav Şuşkeviç SSRİ-nin dağıldığı barədə sənəd imzalayıblar.

2. İlk azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor İsmayıl Axundov 1897-ci ilin bu günü Şamaxı şəhərində dünyaya göz açıb. 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, təhsilini Almaniyada Lüdviq Maksimilian adına Münhen Universitetində davam etdirib.

3. Bu gün eyni zamanda tanınmış səhnə ustası, xalq artisti, Dövlət Mükafatı laureatı Mərziyə Davudovanın doğum günüdür. O 1901-ci ildə Həştərxanda anadan olub. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və Bakıya dəvət edib.

4. 8 dekabr aktyor Elxan Ağahüseynoğlunun doğum günüdür. O, 1942-ci ildə Bakıda anadan olub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilib və qırx ildən çox orada çalışıb.

5. Azərbaycanın xalq artisti, bəstəkar Sərdar Fərəcov 1957-ci ilin bu günündə anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Xəyyam Mirzəzadənin sinfində bitirib.

6. Bu gün eyni zamanda Azərbaycan maarifçisi, pedaqoq, şair və publisist Məhəmməd Tağı Sidqinin anım günüdür. O, 22 mart 1854-cü ildə Ordubadda anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv