Dünyanın bu günü - 10.03.2020
1. MİLLİ TEATR GÜNÜ
(1873)
Martın 10-u Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 1873-cü il martın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirovun və Əsgər ağa Goraninin təşkilatçılığı ilə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən “Nəciblər Klubu”nda səhnələşdirilən bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bir neçə ay sonra teatr həvəskarları yenə də Mirzə Fətəli Axundovun yaradıcılığına müraciət edərək, “Hacı Qara” pyesini tamaşaya qoyublar. Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən, hər il martın 10-u Azərbaycanda “Milli Teatr Günü” kimi qeyd olunur.
MİRZƏ FƏTƏLİ AXUNDOV
(1812-1878)
10 mart Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun anım günüdür. O, 1812-ci il iyunun 30-da Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Tiflisə gedərək, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilir.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlayıb və “Səbuhi” təxəllüsü ilə şeirlər yazıb. Fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazdığı ilk şeiri “Zəmanədən şikayət” adlanır. Onu bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri özü rus dilinə tərcümə edib. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib.
M.F.Axundov Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilib.
O, 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla ailə qurub. Bu izdivacdan 13 övladı olub ki, onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında ölüb. M.F.Axundov 1878-ci il fevralın 26-da vəfat edib və Tiflisdə dəfn olunub.
NƏSİBƏ ZEYNALOVA
(1916-2004)
Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti, Dövlət Mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova 2004-cü ilin bu günü Bakıda vəfat edib. O, 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə atası Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra vəfat edib. Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq etdikdən sonra 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb və həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edib, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə, Telli, Züleyxa, Cənnət xala, Gülsüm, Əsli xala rolları daha çox populyarlıq qazanıb. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
QƏMƏR ALMASZADƏ
(1915-2006)
Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin doğum günüdür. O, 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılıb. 1930-cu ildə xoreoqrafiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. Bu arada həmçinin ali pedaqoji məktəbə də daxil olub. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilib. 1933-cü ildə indiki Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıtdıqdan bir il sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyub. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib və daha sonra həmin məktəbin direktoru olub. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edib. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb. 1931-ci ildə Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə evlənib, lakin övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanıblar. Qəmər Almaszadə 2006-cı il aprelin 7-də Bakı şəhərində dünyasını dəyişib.
CANƏLİ ƏKBƏROV
(1940)
Azərbaycanın xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğamın sirlərini atasından öyrənib, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyərək ifaçılıq qabiliyyətini təkmilləşdirib. 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. İfa etdiyi bütün muğamlar vallara və disklərə yazılıb. Canəli Əkbərov hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
VÜQAR MÜRSƏLOV
(1963-1992)
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vüqar Mirəzbər oğlu Mürsəlov
10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurub. Hərbi xidmətini Belarusun Brest şəhərində keçirib və qvardiya baş çavuşu, tankçı ixtisası ilə ordudan tərxis olunub. Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib və Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Vüqar Mürsəlova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.
ÇİNGİZ BALAYEV
(1974-1992)
10 mart eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Çingiz Azad oğlu Balayevin doğum günüdür. 1974-cü il Şamaxı rayonunun Dəmirçi qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Çingiz Balayev 1992-ci ilin avqust ayında Qubadlı rayonunda itkin düşüb. Şamaxı rayon Məhkəməsinin 2007-ci ildə qəbul etdiyi qətnamə ilə Çingiz Balayev şəhid hesab edilib.
ÜSAMƏ BİN LADEN
(1957-2011)
“Əl-Qaidə” terror təşkilatının qurucusu və ilk rəhbəri Üsamə bin Laden 10 mart 1957-ci ildə Ər-Riyadda 54 uşaqlı ailənin 53-cü övladı olaraq dünyaya gəlib. Atası Məhəmməd bin Avad bin Laden Yəməndə doğulsa da, sonradan Ciddəyə köçüb və tikinti işləri ilə məşğul olaraq milyonçuya çevrilib. Anası Həmidə əl-Attas isə Məhəmməd bin Ladenin onuncu həyat yoldaşı olub. Məhəmməd 1968-ci ildə qəzada həyatını itirən zaman övladlarına 11 milyard dollarlıq bir miras qoyub. Gənc yaşlarında “Müsəlman Qardaşları” hərəkatının ideyalarının təsiri altına düşən Üsamə 1979-cu ildə Pakistana üz tutaraq, Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olub. 1992-ci ildə Səudiyyə Ərəbistandan qovulduqdan sonra Sudanda yaşamağa başlayıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək, burada “Əl-Qaidə” terror təşkilatını gücləndirib. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə bombalı hücumlardan sonra Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan terrorçular siyahısına daxil edilib. Terrorçuluq fəaliyyətinin zirvəsi 2001-ci ildə Nyu-Yorkda baş verən 11 sentyabr hücumları sayılır. Üsamə bin Laden 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində gizləndiyi evdə ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən gizli əməliyyat nəticəsində qətlə yetirilib.