Dünyanın bu günü - 20.01.2020

1)  Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

 

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək. Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

 

2) Azərbaycanın əməkdar elm xadimi, akademik, tarix elmləri doktoru, professor, I çağırış Milli Məclisin deputatı Teymur Əmiraslan oğlu Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində dünyaya göz açıb. Orta məktəbi qızıl medalla bitirib, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Daha sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, məşhur Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Milli Məclis yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə Dissertasiya Şurasının sədri, bir sıra jurnalların redaksiya heyətinin üzvüdür. Teymur Bünyadov 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

 

3) Texnika elmləri doktoru, professor, akademik Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Bərdə rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini "Elektron hesablama maşınları" ixtisası üzrə bitirib. 1979-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışıb və aspiranturada təhsil alıb. 1986-cı ildə akademiyanın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülüb, böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. 2013-2019-cu illərdə AMEA-nın akademik-katibi işləyib. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilib. 2009-cu ildə "Tərəqqi" medalı, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

 

4) Azərbaycanın xalq artisti, görkəmli teatr rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Cənnət Əlibəy qızı Səlimova 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya, 1962-1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun dram rejissoru fakültələrində təhsil alıb. Əvvəllər Səməd Vurğun adına Rus Dram Teatrında və Musiqili Komediya Teatrında rejissor kimi fəaliyyət göstərib. Azərbaycanda Kamera Teatrının yaradıcısıdır. 2001-ci ildən Prezident təqaüdçüsüdür. 2009-cu il aprelin 8-dən 2012-ci il sentyabrın 1-dək Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Cənnət Səlimova "Şöhrət", "Şərəf Nişanı" və “Şərəf” ordenləri ilə təltif olunub. O, Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşı, dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır.

 

5) Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsən oğlu Həsənov 20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirib. Daha sonra hərbi xidmətə çağırılıb və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedib. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi Bakıya qayıdaraq xalq hərəkatına qoşulub. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olub. Goranboy, Şuşa və Gədəbəydə döyüşüb. 1992-ci ildə Tərtər rayonunun Qırmızıkənd kəndi uğrunda döyüşdə qumbaraatanla erməni tankını vurub və düşmən gülləsindən həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 21 iyul 1992-ci il tarixli fərmanı ilə Səyavuş Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

6) Şəhid Firudin Əli oğlu Həsənov 1969-cu ilin bu günü Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Qazax Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. 3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub və doğulduğu kənddə dəfn edilib.

 

7) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüqar Natiq oğlu Süleymanov 1993-cü ilin 20 yanvar günü Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Vüqar Süleymanov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv