Dünyanın gözü Bakıda: 32 ölkə islamofobiyaya qarşı

Bakıda 15 mart tarixini BMT Baş Assambleyasının İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda ilk olaraq BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinosun video müraciəti  dinlənildi. Videomüraciətdə qeyd edildi ki, islamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil. Dünyada İslama sülh dini kimi baxılır.

Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov qeyd  etdi ki, belə mötəbər bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın muktikultural ölkə olmasını sübut edir. Rəvan Həsənov həmçinin qeyd etdi ki, hazırda bir çox ölkədə demokratiya və digər dəyişikliklər adı altında İslama qarşı ciddi mübarizə aparılır.

İslamofobiyanın qlobal sülhə qarşı ciddi təhdid olduğunu deyən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu da çıxışında vurğuadı ki, bu posta gələndə ciddi problemlərdən biri İslama qarşı Qərbdə mənfi yanaşma idi. Amma indiki vəziyyəti ötən illərlə müqayisə etdikdə İslamofobiya ilə bağlı üç istiqamətdə mənfi trend nəzərə çarpır.

İƏT-in keçmiş Baş katibi İslam dini peyğəmbərinin illər əvvəl karikaturasının dərc olunmasını xatırladaraq bunun dünyanın müxtəlif nöqtələrində ciddi etirazlara səbəb olduğunu və  Avropa İnsan Haqları Məhkəməsi bu karikatura ilə bağlı qərar çıxardığını da xatırlatdı.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də xüsusi vurğuladı ki, Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham isə bildirdi ki, din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca vacibdir.

Çıxışlardan sonra islamofobiyaya dair qısa film təqdim edildi.

 

Qeyd edək ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Müəllif | Apa.Tv
Apa.tv