Dünyaya gələcək oğluna şəhidin adı veriləcək – REPORTAJ
Qələbəmizin memarlarından, vətənin azadlığı uğrunda canını bağışlayanlardan biri də Turab Quliyevdir.
APA TV xəbər verir ki, o, 1990-cı il aprelin 10-da Hacıqabul rayonunun Xiləmirzə kəndində anadan olub.
2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərindən sonra yaradılmış həmlə taborunda kəşfiyyatçı kimi baş çavuş rütbəsində xidmət edib. Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və fəxri fərmanlarla təltif olunub. Şəhidimiz Vətən Müharibəsi başlayan gündən aktiv döyüşlərə qoşulub, Füzuli və Cəbrayıl istiqamətində vuruşub.
Şəhid oğlu ilə fəxr edən Sevər ana böyük övladı olan Turabın vətənə bağlı, vətənsevər olduğunu deyir: “Kasıb kənd adamlarıyıq, 2 il işlədi, dedi, ana, bu işlər mənlik deyil. Mən vətənim üçün öz işimə qayıdıram. Həmişə vətənpərvərlikdən danışırdı. Turabın adı ulu babasının adıdır. Turab deyirdi ki, mən də onun kimi şəhid olacam. Gülürdü, mən də pis olurdum, deyirdim, elə demə. Həmişə hazırlaşırdı, xüsusi təyinatlıların filmlərinə baxırdı. Özü də xüsusi təyinatlı kəşfiyyatçı olub. Dedik, əvvəlki kimi Daxil Qoşunlara get, dedi, yox, mən kəşfiyyatda olmalıyam. Vətəninə bağlı övlad idi. Həmişə deyirdi ki, müharibə olsa, mən qabaqda gedəcəm”.
Anası sonuncu dəfə onunla oktyabrın 1-də danışıb: “Soruşdum, Turab, necəsən, bala, dedi, yaxşıyıq, yeyib-içib oturmuşuq. Amma həmin günü axşamı onlar döyüşə gediblər. Əmisi uşaqlarına deyib ki, döyüşə gedirik, haqqınızı halal edin. Ondan sonra əlaqəmiz kəsilib. Ayın 2-də 3 komandiri ilə döyüşə giriblər. Ermənilərin səngərinə əl qumbarası atıb. Çoxlu erməni qırılıb. Əsgər və gizir yoldaşı yaralanıb. Ermənilər elə biliblər bunlar çoxdur. Amma sonra görüblər ki, bunlar 3 nəfərdir, qayıdanda snayper vurub və ...”
Övladını fəxrlə yada salan şəhidin atası Əlisafa kişi deyir ki, oğlu həmişə gülə-gülə şəhid olacağını təkrar edərmiş: “Turab çox ağıllı, vətənpərvər, dost-tanış yanında hörməti olan oğul idi. Vətəndən ötəri özünü şəhid etdi. Özü də deyirdi ki, “mən şəhid olacam”. 27 sentyabrda onunla axırıncı danışığım olub. Dedi, ata, əmri gözləyirik, bir neçə saatdan sonra döyüşə girəcəyik. Ondan sonra onunla danışmamışam. Vətənə bağlı bir insan idi. Dedi, mən burda qala bilmərəm, getməliyəm. Gedəndə də anasına, qardaşına dedi ki, mən şəhid olacam. Həmişə gülə-gülə deyirdi ki, mən şəhid olacam. Deyirdim elə demə, cavansan, balaların var. Deyirdi ki, mən şəhidlik üçün yaranmışam. Mənim əmim 1941-45-ci illərdə müharibəyə gedib. Onun da adı Turab idi. Deyirdi, onun adı qoyulub mənə, mən də onun kimi şəhid olacam. Mən də müharibədə iştirak edib, şəhidlik zirvəsinə qalxacam. Övladımızla fəxr edirik, qürur duyuruq”.
Turalgil ailədə 3 qardaş, bir bacı olublar. Turabla yanaşı, onun qardaşı Fətəli Quliyev də Vətən Müharibəsində iştirak edib. Fətəli qardaşının qəhrəmanlığından, keçdiyi şərəfli döyüş yolundan, onun baş çavuş kimi xidməti dövründə göstərdiyi nailiyyətlərindən qürurla danışır: “Turab bir qardaş kimi, dost kimi yerin bilən, qanacaqlı, ağıllı, vətənpərvər, qorxmaz, cəsur bir oğlan idi. Yoldaş kimi həqiqətən elə idi. Əsgər yoldaşları da onun qorxmaz və igidliyindən danışırdılar. Qardaşımı tanıyırdım, gözündə qan yox idi ki, düşməndən qorxsun. Öz torpağında düşməndən niyə qorxsun? Şəhidlər ölmür, şəhidlər həmişə yaşayacaq. Ölən biz olacağıq”.
Qardaşı deyir ki, Turab 6 nəfər yoldaşı ilə birlikdə pusquya düşüb: “Bilə-bilə ki, düşmənin sayı bunlardan qat-qat çoxdur, buna baxmayaraq hücuma keçiblər. Ermənilərin postlarına basqın ediblər, erməni blindajına 2 əl qumbarası atıb. Səngər darmadağın olub. İnilti səsləri götürmüşdü ətrafı. Çıxıblar blindajın üstünə, bunları güllə atəşinə tutublar. Ermənilər elə biliblər ki, onların üstünə böyük ordu gəlir. Görəndəki 3 nəfərdir, bunları pulemyot atəşinə tutublar. Bunlar ata-ata geri çəkilməyə məcbur olublar”.
Geri çəkilərkən döyüş yoldaşı sağ qolundan yaralanan Turabın ərazidən dərhal uzaqlaşmasını istəyib: “Amma uşaqlıqdan bu solaxay olub. Deyib, narahat olma, mən sol əlimlə idarə edəcəm, sizi də qoruyacam. Siz çıxın, mən də dalınızca gəlirəm. Neytraldan öz ərazilərinə çıxanda boynundan snayperlə vurulub. Yaralı olmasına baxmayaraq, silahlarını atmadan 50-60 metr sürünə-sürünə ön neytraldan çıxıb, qanaxmadan şəhid olub. Qəhrəmancasına, qorxmadan canını verib”.
Baş çavuş Turab Quliyev oktyabrın 2-də Cəbrayıl uğrunda gedən döyüşlərdə snayper gülləsindən şəhid olub, oktyabrın 5-də isə Hacıqabul qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Turabın özündən sonra 2 yaşlı İnci adlı qız yadigarı qalıb. Şəhidimizin yaxın vaxtlarda oğul övladı da dünyaya gələcək. Dünyaya gələcək körpəyə Turabın adı veriləcək.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV