Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutub

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

 

Səhər saatlarından Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutan erməni hərbçilərin mövqelərini müəyyən edən Azərbaycan ordusu onlara sarsıdıcı zərbələr endirir və həmin nöqtələr məhv edilir.

 

Azərbaycan ordusunun qələbələrini görən mülki əhali dağılan evlərinin, tələf olan mal-qarasının fərqinə belə varmırlar. Çünki ölkəmizin nizami və güclü ordu var.

 

Qorxmaz Hüseynov ermənilərin gündəlik atəşi altında olmalarına baxmayaraq, əhval-ruhiyyələrinin yüksək olduğunu deyir: “Özünüz də burdasınız, görürsünüz, hamımız burdayıq. Top-tüfəng atsalar da, sakinlər evlərində yaşayır. Ordumuzun arxasındayıq, cənab Prezidentimizin yanındayıq. Biz də döyüşmək üçün canımızla hazırıq. Nə zaman Ali Baş Komandan əmr versə ki, biz də gedək, o zaman biz də döyüşməyə hazırıq”.

 

Xəyal Hüseynov da onunla həmfikirdir: “Bu dağılan obyekt dostumun obyektidir. Burda elə dayanmışdıq, birdən gəldi düşdü, dağıtdı buranı. Təki dağılan mal olsun. Bu mallar qurbandır əsgərlərimizə. Allah dövlətimizə, xalqımıza, əsgərlərimizə dəyməsin!”

 

Son günlər o da müşahidə edilir ki, ermənilərin atdığı hər 10 mərmidən 3-4 ədədi partlamır. Bu da onu göstərir ki, düşmənin sursatı tükənib və anbarlarda qalan köhnə mərmilərdən istifadə edirlər.

Müəllif | Apa.Tv
Apa.tv