Düşmənin ələ keçirilmiş tankında vuruldu - REPORTAJ

Vətən Müharibəsində həm səngərdə döyüşür həm də güllə, mərmi yağışının altında düşməndən qənimət götürülən texnikaları ərazidən çıxarırdı. Uşaqlarını anasına, qardaşına, həyat yoldaşına, onları isə Allaha əmanət edib getmişdi cəbhəyə...

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Vətən Müharibəsi şəhidi Elnur Mirzəxan oğlu Qafarov 1981-ci ildə Siyəzən şəhərində doğulub.

 

Anası Gülbacı Qafarovanın sözlərinə görə, Elnur yeddi ildən çoxdur ordu sıralarında xidmət edirdi. Aprel döyüşlərinin iştirakçısı olub. Müharibəsi başlayanda yenidən silaha sarılıb və vəsiyyətini edərək cəbhəyə yollanıb: “İki dəfə Fizuliyə getdi-gəldi. 3-cü dəfə gələndə dedi, ana, səni Allaha tapşırıram, uşaqlarımı da sənə. Ola bilsin, mən qayıtmadım, şəhid oldum. O, şəhid olan gün bir anlıq mənim ürəyim partladı, heç xəbərim olmadan. Nəsə ürəyim titrədi, gəlinə dedim ki, mən Elnursuz bu evdə gəzə bilmərəm. Öz evimə gedəndə hiss elədim ki, Elnur şəhid olub”.

 

Elnur səngərdə döyüşməklə yanaşı, peşəkar sürücü kimi şiddətli döyüşlərin getdiyi ərazilərdən qənimət götürülən zirehli və digər döyüş texnikaların çıxarılmasına cəlb olunub. Daim güllə və mərmi yağışının altında olan Elnur dəfələrlə ölümlə üz-üzə gəlib. Elə buna görə də evə hər zəngində ailəsi ilə sonuncu dəfə danışırmış kimi sağollaşıb: “Elnurgili düşməndən qənimət kimi alınan maşınları gətirirdilər. Bir neçə dəfə gedib gətiriblər. Oktyabrın 16-sı saat 12:00-da ermənilərə məxsus maşını götürməyə gedən Hadrutda evin içindən snayperlə vurublar onu”.

 

Həyat yoldaşı Arzu Qafarova Elnurla hər zaman qürur duyacağını deyir: “Oktyabrın 10-da telefonla danışdım onunla. Dedi ki, uşaqlarıma yaxşı bax, ola bilər, şəhid oldum. Dedim, niyə elə deyirsən, dedi, ürəyimə damıb, uşaqların şəklini çəkib atmağımızı istədi. Mən elə bilirəm Elnur sağdır, hələ barışmamışam onun ölümü ilə”.

 

Elnur Qafarov ailəli idi. Onun yadigarları Pərvizin 11, Gülayın isə 8 yaşı var:

 

- Mən atamla fəxr edirəm. Axırıncı dəfə atam mənə zəng vurub dedi ki, oğlum, torpaqlarımızı alıb qayıdacam.

 

- Atamla 10 oktyabrda danışmışam. “Torpaqlarımızı alıb gələcəyik”, ad gününü qeyd edəcəyik dedi. Mənim ad günüm oktyabrın 28-i idi. Mən atamla fəxr edirəm.

 

Qeyd edək ki, Cəbrayıl və Füzuli istiqamətində düşmən müdafiəsinin yarılmasında fəal iştirak edən çavuş Elnur Qafarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Vəli Turan

Mais Allahverdiyev

Müəllif | Apa.Tv
Apa.tv