Düşmənin qisas üçün ümid etdiyi qadağan edilmiş silahlar – ARAŞDIRMA
Sentyabrın 27-də ordumuzun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması nəticəsində işğal olunmuş ərazilərimizin təxminən 20-30 faizə qədəri azad edilib. Lakin kənardan elə görünür ki, hərbi əməliyyatlar Azərbaycanlı dinc sakinlərin evi, küçə və bacasında aparılır. Çünki düşmən iriçaplı silahlardan və artilleriyadan istifadə etməklə Azərbaycanın cəbhə xəttindən onlarla kilometr uzaq olan yaşayış məntəqələrini atəşə tutur.
APA TV-nin xəbərinə görə, Ermənistanın Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdə həyata keçirdiyi dövlət terroru nəticəsində ölən dinc sakinlərini sayı artıq 90 nəfəri keçib. Daha dəhşətlisi isə odur ki, düşmən “Skad” və “Smerç” tipli raketlər, kasetli bombalar və fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə etməkdən də çəkinmir.
Hüquqşünas Əlövsət Allahverdiyev deyir ki, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi cinayətdirsə, mülki əhalini qadağan olunmuş silahlardan atəşə tutması ikiqat cinayətdir: “Yaxın keçmişə nəzər salaq. Məsələn, Bosniya müsəlmanları bu haqsızlığa düçar olublar, bu cür cinayətin qurbanı olublar. Baxmayaraq ki, Haaqa Tribunalı cinayətkarları cəzalandırdı, ancaq Bosniya müsəlmanları o cəzalandırmadan tam razı qalmadı və bu gün də öz narazılıqlarını bildirirlər ki, necə ola bilər, bir insanı qətlə yetirənə hansısa dövlətin qanunvericiliyi ilə tutaq ki, bir, iki, yaxud üç insanı qətlə yetirənə ölüm cəzası verilir, lakin minlərlə insanı qətlə yetirənə 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilir. Yəni bunun özündə də bir uyğunsuzluq olduğu üçün – bu tarixdə bir fakt olaraq qalır – beynəlxalq ictimaiyyətin inamına bir növ zərbə dəymiş olur”.
Hüquqşünasın sözlərinə görə, istər Haaqa və Ottava konvensiyası, istərsə də Sankt-Peterburq bəyannaməsinə əsasən qadağan olunmuş silahları gizli üsullarla tətbiq edən ölkələr hələ də var: “Bu gün Ermənistanın Azərbaycan ərazisində fosforlu silahlardan istifadə etməsi bizim tərəfimizdən sübut olunur. Ermənistan bunu qəbul edirmi? Etmir. Problem bundadır ki, belə silahları istifadə edən ölkələr heç vaxt bunu etiraf etmirlər, ona görə belə məsələlər bu gün də davam edir”.
Konvensional öhdəliklərə riayət etməyən dövlətlərin cəzalandırılma üsullarına gəlincə, Əlövsət Allahverdiyev BMT nizamnaməsinin 41-ci maddəsinə istinadən ardıcıl şəkildə iqtisadi-siyasi sanksiyaların, rabitə xətlərinin dayandırılmasının və zərurət yaranarsa, hətta hərbi müdaxilənin belə mümkünlüyünə diqqət çəkir.
Bəs “Skad” və “Smerç” tipli raketlər hansı səbəbdən qadağan edilib?
Hər iki raket kompleksinin soyuq müharibə dönəmində yaradıldığını bildirən hərbi ekspert Ədalət Şükürov deyir ki, bu silahlar tarixən mülki əhaliyə tuşlanıb: “Bəlli bir silah yarışı vardı və hər bir tərəf daha çox ziyan vura biləcək silah sistemləri hazırlayırdı. Lakin soyuq müharibə başa çatdıqdan sonra bu silah sistemlərinin hətta hərbi qüvvələrə qarşı istifadəsi qadağan olundu. Yəni soyuq müharibə dövrünün silahlarını artıq Ermənistan bu gün həm də silahsız insanlara qarşı tətbiq edir. Fəlakətin miqyasının böyük olmasının səbəbi də budur ki, bu hadisələr artıq bir neçə dəfə baş verməsinə baxmayaraq, nə bu silahları tətbiq edən ölkələr, nə də bu münaqişənin nizamlanmasına cavabdeh olan ölkələr bu addımları birmənalı olaraq pisləmirlər”.
Lazımi qurumların məsələyə qeyri-ciddi yanaşmasının düşməni daha da cəsarətləndirdiyini bildirən ekspert müharibə cinayətlərinin önlənməsi mövzusunda KTMT ölkələrinin rolunu da qənaətbəxş hesab etmir: “Diqqətinizə çatdırım ki, KTMT yalnız üzv ölkələrin ərazisində əmin-amanlığı təmin etmək məqsədilə yaradılıb və onların bir-birinin ərazisindəki silahlardan istifadəsinə də nəzarət etmək vəzifəsi var. Ancaq əfsuslar olsun ki, bu vəzifələrin icrasına onlar barmaqarası yanaşırlar. Hətta bu addımları pisləməyi, qınamağı belə özləri üçün vacib hesab etmirlər”.
İstər “Smerç” və “Skad” ballistik raketləri, istərsə də fosfor bombası kimi beynəlxalq konvensiyalar tərəfindən istifadəsi qadağan edilmiş vasitələrin dinc əhaliyə tuşlanması sözdə yolverilməzdir. Ancaq hər keçən gün dağıntılar altında qalan və ya məhv olmuş evi qarşısında məğrurca dayanmış günahsız, dinc sakinlərin varlığı sübut edir ki, mövcud qadağalar, sadəcə, bədii xarakter daşıyır - hətta Ermənistanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirməsi "Human Rights Watch" təşkilatı tərəfindən təsdiqlənsə belə.
Görünür, Ermənistan tərəfi Azərbaycan əsgərinə məğlub olmağın qisasını günahsız dinc sakinlərdən almağı özünə borc bilir. Amma unudur ki, Azərbaycanın müzəffər ordusu alınan hər bir can borcunu artıqlaması ilə geri qaytarmağı gözəl bilir – mülki əhalini hədəf almaq kimi rəzalətə gərək duymadan...
Mir Çingiz Ağazadə
Faiq Həsənov
Üzeyir Ağayev
APA TV