Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
APA TV xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.
Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib. Döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.
Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.