DYP Gəncədə qayda pozan piyadaları cərimələyib

Gəncədə piyadların iştirakı ilə baş verən yol qəzalarının sayını azaltmaq məqsədilə Dövlət Yol Polis əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin müxtəlif yerlərində təşkil edilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Tədbirlər zamanı həmçinin şəhər ərazisində piyadalar üçün yeni quraşdırılan işıqforların işləmə mexanizmi onlara izah edilib. Bundan başqa yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalar Dövlət Yol Polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati məsuliyyət tədbirləri tətbiq edilib, eləcə də hər biri ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin onlara yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumat verilib. Qeyd edək ki 2019-cu ildə Gəncədə piyadanın vurulması ilə nəticələn 48 yol nəqliyyat hadisəsi baş verib ki, onlardan 15-i dünyasını dəyişib, 33-ü xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv