DYP sürücülərə xəbərdarlıq etdi – HAVA ŞƏRAİTİ İLƏ BAĞLI
“Bakıda yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı ehtimalı var”.
APA TV-nin məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında axşamdan başlayaraq, yanvarın 21-ə kimi hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qar və qara keçəcəyi gözlənilir: “Şimal-qərb küləyinin yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Ayın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı ehtimalı var”.
Qeyri-sabit hava şəraiti bölgələrdə də müşahidə olunacaq: “Bölgələrdə qeyri-sabit hava şəraiti yanvarının 21-i gündüzədək davam edəcək. Bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bunun ayrı-ayrı yerlərə intensiv olacağı ehtimalı var. Həmçinin qərb küləyinin bölgələrdə güclənəcəyi gözlənilir və havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Yanvar ayının 20-dən 21-nə kimi çovğun olacağı gözlənilir, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsi də sürücülərə müraciət edib. İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, baş leytenant Toğrul Nəsirli bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polis İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri xahiş olunur: “Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur. Eyni zamanda, yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər. Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur”.
Bəs görəsən sürücülər qışa hazırlıqla bağlı hər-hansı ehtiyat tədbirləri görüblərmi? Apardığımız sorğu zamanı məlum oldu ki, sürücülərin əksəriyyəti buna əməl etmir:
- Sürücülər təkərlərə o qədər də önəm vermir. Bu tək mən deyiləm, hamı belədir. Çünki təkər qiymətləri bizdə çox bahadır. Əksər sürücülər istifadə olunmuş təkərlər alır. Ölkəmizdə qış qısa müddətdə bitdiyinə görə, bir neçə gün olduğuna görə, çox vaxt qar yağmır. Ona görə də əksər maşınların təkəri yay təkərləridir. Qış təkərləri deyil.
- Bax görə də bilərsiniz, qış təkərlərini indidən qoymuşam üstünə. Sürücülərin nasaz maşınlarla yola çıxmağı düzgün deyil. Özünü fikirləşmirsənsə, heç olmasa qarşıdakı nəqliyyat vasitəsini idarə edəni fikirləş. O da insandır. İnsan həyatı ilə oynamaq düzgün deyil.
- Əsas gərək təkərlərini, şinlərini təzələyəsən. Mən özüm əməl edirəm. Baxa da bilərsiniz. (Kadr 7) Artıq 4 yeni təkər almışam, şinləri yeniləmişəm. Göz qabağındadır. Adam var ki, “keçəl” təkərlə sürür. Düzgün iş deyil. Tormozu burda vurur, maşın dayanmır.
Yeri gəlmişkən qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində də nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. DYP-dən verilən məlumata görə, yanvarın 20-də səhər saatlarından mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə edilir.
Həmidağa Məcidov,
Musa Qulammirzəyev,
APA TV