DYP texniki baxışla bağlı sürücülərə müraciət etdi
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan və ya qanunvericiliklə nəzərdə tutulan texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırılır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı, paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilən və müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.
Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.