ƏDV-nin qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək

“Daşınmaz əmlak və digər əmlakın sığortalanması iqtisadi nöqteyi-nəzərdən yaxşı haldır. Amma onun icbari, yaxud könüllü olması artıq qanunvericilikdən asılıdır”.

 

APA TV-nin xəbərinə görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

O, bəzi pərakəndə satış müəssisələrində POS-terminalların işlədilməməsinə də münasibət bildirərək deyib ki, belə hallar qanunvericiliyə uyğun olaraq məsuliyyət nəzərdə tutur. 

 

Mikayıl Cabbarov ev və digər daşınmaz əmlak ucun İcbari Sığorta məsələsinə də diqqət çəkib: “Daşınmaz əmlakın və digər dəyərli əmlakın sığortalanması həm iqtisadi, həm sabitlik nöqteyi-nəzərdən müsbət haldır. Heç kim hər hansı bir hadisənin baş verməsini istəməsə də, bu, bəzən qaçılmaz olur. Bunun icbari və yaxud könüllü olması qanunvericiliklə tənzimlənir. Bu isə hər bir cəmiyyətin və iqtisadiyyatın inkişafı mərhələsindən asılıdır”.

 

Nazir 2020-ci il və ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının qarşısında duran hədəflər barədə də məlumat verib. Bildirib ki, qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

 

2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev qeyd edib ki, gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək. Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək və 2021-ci ildə bütün ticarət şəbəkələrində nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatacaq: "Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təsdiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə həyata keçiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək".

 

Nazir müavini ƏDV-nin qaytarılması mexanizminin fevralın 1-dən istehlakçılara təqdim ediləcəyini də bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə texniki şərtlərin təsdiq edilməsi prosesi aparılır.

Müəllif | Apa.Tv
Apa.tv