ƏƏSMN: Bu il növbədə olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin olunacaq

Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

 

APA TV xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Vətən müharibəsi qazisi Vidadi Ağagülov və başqaları iştirak ediblər.

 

Vüqar Behbudov bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır, bu il artıq 100 ailə yeni mənzillərlə təmin olunub: “Cənab Prezidentin 25 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğurunda əlil olan şəxslər və şəhid ailələrinin mənzil təminatı həyata keçirilir. Onlar  yerli icra orqanlarında növbəyə dayanıblar.  Sərəncamla həmçinin Vətən müharibəsi zamanı əlil olan şəxslər və şəhid olanların ailə üzvləri də nəzərdə tutulub.  Bu Sərəncamla 2021-2025-ci illərdə 11 min nəfərin, cari ildə isə 3 min nəfərin mənzil və fərdi evlə təmin olunması nəzərdə tutulub”.

 

Məlik Hüseynov 1-ci Qarabağ müharibəsində iştirak edərək, Cəbrayılın  müdafiəsi uğurunda sağlamlığını itirib. Bu günə qədər həyat yoldaşı və 2 övladı ilə birlikdə  paytaxtın Nərimanov rayonunda kirayədə məskunlaşıb. Bu gün isə Sabunçu rayon Ramana qəsəbəsində müharibə əlilləri və şəhid ailələri üçün yeni inşa olunan binada 3 otaqlı mənzillə təmin olunub: “Sevincimin həddi-hüdudu yoxdur. Şükür ki, bizi Ali Baş Komandan bu cür mənzillər ilə mükafatlandırıb. Arzu edirəm bütün Qarabağ əlillərinə bu cür mənzil qismət olsun. Bizə bu cür diqqət və qayğı göstərdikləri üçün təşəkkürümü bildirirəm”.

 

Ev alanlardan biri də Qazi Habil Çobanovdur: “Tovuz rayonu Əsrik kəndi ərazisində döyüşmüşəm. 2-ci qrup Qarabağ əliliyəm. Prezidentimizə təşəkkür edirəm edirəm ki, bu gözlədiyimiz günü bizə bəxş elədi. Allah hər kəsin canın sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm”.

 

Tədbirdə bildirilib ki, ilin sonuna qədər Bakı və Sumqayıt şəhərləri, eləcədə Abşeron rayonunda növbədə olan bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunacaq.

 

Xələf Xələfov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv