ƏƏSMN yeni elektron xidmətlərini təqdim edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətini təqdim edib.
APA TV-nin xəbərinə görə, tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vurğulayıb ki, keçən il müavinətlərin və təqaüdlərin elektronlaşması, proaktiv xidmətlərin təqdimatı nəticəsində dekabr ayının 1-nə olan məlumata görə, 120 mindən çox vətəndaşımızın sosial təminatla çıxışı təmin edilib: “Bu gün 4 proaktiv xidmət təqdim edilir. Bununla yanaşı, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim ediləcək. Yeni proaktiv xidmətlər, Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi, sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidmətidir”.
Fazil Talıbov bildirib ki, bəzi vətəndaşlar statusları haqqında məlumatı heç bir yerə getmədən, qurumlara müraciət etmədən elektron şəkildə arayış təqdim edə biləcək: “Bu gün təqdim edilən yeniliklər Milli Qəhrəman və şəhid ailələri ilə bağlıdır. Bu da onlara daha yüksək səviyyədə xidmət üçün imkan yaradacaq”.
Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qeyd edib ki, bu gün istifadəyə verdiyimiz yeni proaktiv xidmətlər nəticəsində nazirlik tərəfindən göstərilən proaktiv xidmətlərin sayı 31-ə, elektron xidmətlərin sayı isə 27-yə çatdırılır: “Növbəti il 20 növ proaktiv xidmətin elektronlaşdırılması nəzərdə tutulub. 22 növ isə elektron xidmət formalaşdırılacaq. Bununla nazirlik tərəfindən göstərilən xidmətlərin böyük əksəriyyəti elektron platformaya keçəcək”.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda nazirliyin mərkəzləşdirilmiş elektron sistemi 31 dövlət və qeyri-dövlət qurumları ilə inteqrasiya olunub və məlumatlar qarşılıqlı formada həyata keçirilir: “Yeni 5 e-arayış xidmətinə - Milli Qəhrəman ailə üzvü olması barədə, Şəhid ailə üzvü olması barədə, Əmək veteranı olması barədə, Fəxri adının olması barədə aiddir. Biz artıq reyestrlər formalaşdırmışıq ki, vətəndaşlar məlumatlarını əldə edə bilərlər”.
Qeyd olunub ki, şəhidlərin, Milli Qəhrəman və onların ailə üzləri ilə reyestrləri formalaşdırılıb ki, bu, əlçatanlığı təmin edəcək. Beləliklə, nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır.