Səfir: “Cəbrayılda gördüyümüz mənzərə çox dəhşətli idi, mən ağladım”
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
APA TV-nin məlumatına görə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilk olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə baş çəkiblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.
Səfər zamanı diplomatik korpusun nümayəndələri, dünyada tanınmış fotoqraf Reza Diqqətinin əsərlərindən sərgiyə də tamaşa ediblər. Sərgidə Cəbrayılın işğaldan əvvəlki və sonrakı dövrlərini əhatə edən fotolar sərgilənib.
Cəbrayılda erməni vəhşilikləri ilə tanış olan, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, dağıntının miqyası böyükdür:
Daha sonra diplomatlar dağıdılmış qəbiristanlığa baş çəkiblər. Dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asdıqdan sonra “Çinar” çay evinin qalıqları da ziyarət edilib.
Diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Xudafərin körpüsündə olublar. Körpünü ziyarət zamanı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bildirib ki, yenidən Azərbaycanın nəzarətində olan bu torpaqlara gəlmək çox gözəl və təsirlidir. Onun sözlərinə görə, İtaliyanın Azərbaycanla çox yaxşı və strateji tərəfdaşlığı var:
"Bu regionun stabilliyində və təhlükəsizliyində maraqlıyıq. Ümid edirəm ki, Xudafərin körpüsü simvolik olaraq etnik müxtəlifliyə baxmayaraq, sülh içində birgə yaşayışı təmsil edəcək. Bu, mənim regiona, Azərbaycanın bərpa etdiyi ərazilərə ilk səfərim deyil. Artıq Füzulidə olmuşam, Ağdama iki dəfə səfər etmişəm. Etiraf edim ki, Cəbrayılda da dağıntıları görəcəyimi, heç də yaxşı mənzərə ilə üzləşməyəcəyimi bilirdim. Xüsusilə də Cəbrayıl qəbiristanlığındakı həmin mənzərəni qeyd etməliyəm. Bütün bunlara görə bir daha bildirirəm ki, regionun müxtəlif xalqları arasında sülh şəraitində yaşayış üçün çalışmaq lazımdır. Ümid edirəm ki, bizim Cəbrayıl qəbiristanlığında gördüklərimizə bir daha şahid olmayacağıq. Bu, hər hansı dinə, irqə, millətə aid olmaqla bağlı deyil. Bu, ölülərə hörmətlə bağlıdır. Azərbaycanlılarda olduğu kimi, italyanlarda da vəfat etmiş doğmalar çox vacibdir”.
Səfir həmçinin qeyd edib ki, Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə İtaliya şirkətlərinin qoşulması istiqamətində müzakirələr aparılır.
Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun isə Cəbrayılda gördüklərinin dəhşətli mənzərə olduğunu qeyd edib:
“Bu gün mənim üçün xüsusi bir gündür. Azərbaycanlı dostlarımız bu səfəri təşkil etdi və biz gəlib bu gözəl yerləri gördük. Bu gözəl yerlər işğaldan azad olunmuş torpaqlardır. Biz çox şadıq. Amma Cəbrayılda gördüyümüz mənzərə çox dəhşətli idi. Mən orada ağladım. Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm o insanların vicdanı necədir. Qəbirləri qazıb cəsədləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir”.
Daha sonra diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrlə tanış olub və Mincivan yaşayış məntəqəsinə baş çəkiblər.
Zəngilana səfər zamanı Liviyalı diplomat Əşrəf Adəm dağıdılmış məsciddə namaz da qılıb.