Əfv olunan qadın: “Mən sevindim, bütün ölkəmiz sevinsin” - SƏRƏNCAM İCRA OLUNDU

Ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv edilən 11 qadından 8-i. Onlar 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsindəki hər günü azadlıq eşqi ilə yanaraq keçiriblər. Ahıl yaşlarında ağarmış saçları, qırışmış əlləri və həsrətdən çökən gözləri ilə...

 

Artıq bu gündən etibarən həyatlarını məhbus kimi deyil, azad insan olaraq yaşayacaqlar. Aralarında 11 il azadlıqdan məhrum edilən də var, 3 il 6 ay həbs cəzası alan da. Hər biri ayrı səbəblərlə məhkum edilsələr də, onları birləşdirən bir ortaq nöqtə var – AZADLIQ.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 13 may tarixli hökmü ilə məhkum edilən 1951-ci il təvəllüdlü Telbəin Salmanova əfv edilənlər arasında olduğuna görə sevinc hissi yaşayanlardandır:  “11 illik müddətinə azadlıqdan məhrum edilmişəm. Onun 7 ilini həbsdə olmuşam. Ölkə başçısına və ədliyyə işçilərinə minnətdaram. Mən sevindim, bütün ölkəmiz sevinsin, Qarabağımız alınsın. Əfvə düşdüyümü öyrənəndə çox ağır hisslər keçirdim”.

 

Əfv edilən 11 qadın məhkumdan biri də Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 30 avqust tarixli hökmü ilə məhkum edilən 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyevadır. O, 7 il müddətinə azadlıqdan məhrum edilib və ömrünün 3 il 9 ayını məhbəsdə keçirib. İndi isə azadlığa çıxdığına görə ölkə başçısına minnətdardır: Üzümüzü güldürən prezidentimizə təşəkkür edirik. Bizim, balalarımızın üzünü güldürdü. Allahdan ona can sağlığı arzu edirik. Bundan sonra səhvlərə yol verməməyi planlaşdırıram. Bir ana və nənə kimi övladlarımızı başımıza yığıb işimizlə məşğul olaq”.

 

Ombudsman Səbinə Əliyeva bu addımın ölkə rəhbərinin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin bariz nümunəsi olduğunu deyib. Bildirib ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfərdən 11-i qadın, 2-si isə ömürlükdür: Məlum olduğu kimi, dünən ölkə rəhbəri İlham Əliyev tərəfindən əhv sərəncamı imzalanıb. Dünyada tüğyan edən koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar 176 məhkumun səhhəti və yaşı nəzərə alınmaqla əfv olunub. Biz bu gün əfv sərəncamının icrası ilə bağlı bura toplaşmışıq. Bu addımı ölkə rəhbərinin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin bariz nümunəsidir”.

 

“Sağlamlıq və azadlıq eyni şeydir. Hər ikisinin qədrini itirəndə bilirsən” deyirlər. Odur ki, hər ikisindən məhrum olmamaq üçün sağlamlığınızdan da, azadlığınızdan da muğayat olun!

 

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv