Əgər 1, 3, 5 qəpiklik sikkələr olmasaydı... – BU PUL VAHİDLƏRİ NƏ ÜÇÜN VAR?

Gördüyünüz kimi satıcı 3 qəpikdən imtina edir. O yaxşı bilir ki, tədavülə buraxılan bu qəpiklərdən istifadə etməlidir. Çünki dövlət bu qəpiyi tədavülə buraxıbsa ondan istifadə etmək hər bir vətəndaşın, o cümlədən bu satıcının da borcudur. Çünki 1, 3, 5 qəpiklərin dövriyyədə olması üçün dövlət kifayət qədər pul xərcləyir.

 

Əslində də 5, 3 və 1 qəpiklik sikkələrin dövriyyədən kənarda qalması bir neçə il əvvəl ölkə gündəmini zəbt edən mövzulardan idi. Əksər market və mağazaların bu pul vahidlərinə ciddi yanaşmaması vətəndaş narazılığı doğururdu. Kimi əlində-ovcunda qalan kisə-kisə 5 qəpiyinin dərdində idi, kimi də geri qayıtmayan 3 qəpiklərini hesablayıb indi həmin pullarla nələr edə biləcəyini düşünürdü. Düzdür, cümlənin birinci tərəfinə aid sosial problemi demək olar, öz həllini tapıb. Bəs digər geri qayıtmayan qəpiklərin sonuncu dayanacağı haradır?

 

“Bax, elə, indicə aldığım suyun qiyməti 35 qəpik eləyir və mən ümumi 40 qəpik ödədim. Məsələ mənim beş qəpiyimdə deyil. Məsələ gün ərzində bu və digər marketlərdən alış-veriş edən insanların geri qayıtmayan qəpik-quruşlarıdır. Yəni, bu qəpik-quruşların aqibəti necə olur və istifadə edilmirsə, niyə dövriyyədədir? Bizə də maraqlıdır”.

 

Apardığımız sorğu zamanı məlum oldu ki, sakinlər də bu problemlə qarşılaşırlar. Ya qəpikləri geri qaytarılmır, ya da alış-veriş zamanı 1, 3, 5 qəpiklə ödəniş etdikləri zaman müəyyən narazılıqla qarşılaşırlar.

 

Bəs niyə istehlakçıların bir çoxu kiçik nominallı pul vahidlərini qəbul etmir? Əksər psixoloji araşdırmalara əsasən, qəpiklik alış-veriş zamanı müştərinin alt şüuru bu məbləği heç ödəmədiyini düşünür. Məsələn, bazar qiymətləri arasında tez-tez rastlaşdığımız iki eyni məhsuldan birinin 38, digərinin isə 39 qəpiyə təqdim olunması da müştərinin alt şüuruna hesablanan rəqabətin göstəricisidir. Ancaq işlək olmamasına rəğmən kiçik nominallı pul vahidlərinin dövriyyədən çıxarılmasını tələb etmək nə qədər məntiqli yanaşmadır?

 

İqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, 1, 3, 5 qəpiklər olmayan zaman daha çox bahalaşma ola bilər: “Bir anlıq təsəvvür edək ki, 1, 3, 5 qəpiklər yoxdur. Deməli, 10 qəpikdən başlamalıdır məhsullar. Bu da avtomatik olaraq hər şeydə 10 qəpik bahalaşma deməkdir. Sadəcə bizim insanların mentalitetindən irəli gələrək xırda qəpiklər götürülmür. Şahidi oluruq ki, hətta qalıq 40-50 qəpik olanda belə imkanlı şəxslər götürmür. Həmin pullar götürülmürsə, böyük supermarketlərdə bu əlavə gəlirin formalaşmasına köməklik göstərir. Çünki məbləğ böyüyür. Əslində bu, marketin satışdan gəliri kimi formalaşır və bu zaman da ona uyğun vergisini verir, mənfəəti olur”.

 

Ekspertin sözlərinə görə, 1,3,5 qəpiklərdən qazanılan məbləğ qarşılığında vergi ödəməməyin axırı cinayət məsuliyyətinə qədər gedib çıxa bilər: “Amma məsələn, kassa çekində bu 1.98 AZN göstərilibsə və 2 qəpik götürülübsə, yaxud belə hallar olursa, bunlar yığılır və qeyri-rəsmi şəkildə marketin özü tərəfindən müəyyənləşdirilir. Əslində həmin pulların külli miqdarda dövriyyədən kənarda qalması vergi inzibatçılığı baxımından vergidən yayınmadır. Bir halda ki, o qəpiyi də götürür, mütləq kassada göstərilməlidir”.

 

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. Məsələn, marketlərdən birinin satış üzrə administratoru Azər Süleymanov kiçik nominallı pul vahidlərinin əlavə gəlirdən çox, başağrısı olduğunu düşünür: “Məsələn, müştəriyə hesab gəlib neçə manat 27 qəpik, o adətən beş qəpik saxlayırlar marketə. Kassada defisit olanda kassirlərin maaşından tutulur. Əksi olduqda kibrit qutusu ilə qaytarırıq. Həmin gəlir kassirin əlavə gəliri kimi hesablanmır, birbaşa şirkətə aid edilir. Marketin borcudur ki, o qəpiyi geri qaytarsın. STIK: Burada kassir artığı deyilən bir şey var. Birinci və ikinci kassa arasında məsələn, 70-80 qəpik artıq pul qalır. O pul heç nəyə sərf olunmur. Baş ofisə göndərilir”.

 

Administratorun dediklərinə inansaq, marketin çıxışında quraşdırılan bu şəffaf qutu, xırda-xuruş pulların baş ofisə qayıtmadığının sübutudur. Həmin pullar xeyriyyəyə sərf olunmaqla bərabər, həm də şirkəti ödənilmiş əlavə vergi yükündən xilas edir. Doğrudur, biz hələ bənzər qutulardakı yüzlərlə qəpiyin market işçiləri, yoxsa müştərilər tərəfindən doldurulduğunu tam aydınlaşdıra bilməmişik. Nəzərə alsaq ki, əksər satış administratorları 1, 3, 5 qəpiklərdən ibarət qazanclarını necə və hara sərf etdiklərini bizimlə bölüşmək istəmir, deməli, hələ bu qutulara görə də min dəfə şükür etmək lazımdır...

 

Mir Çingiz Ağazadə,

Fariz Quliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv