Əhmədli sakini zibili niyə “Torqovı”da atır? – DEPUTATLARDAN HƏYƏCAN TƏBİLİ

Kimi “uşaqları gəzməyə çıxarmışam”, kimi “istirahət edirəm”, kimisi də “geyim almağa gedirəm” deyir. Özü də maskasız və əlcəksiz. Görüntülər paytaxtın Səbail rayonu Nizami küçəsindən, yəni daha çox “Torqovı” kimi adlanan ərazisindəndir.

 

Aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejiminin yumşaldılmasından sonra əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb desək, yanılmarıq. Bunu “Çölə niyə çıxmısınız və qaydalara əməl etmirsiniz?” sualımıza verilən cavablar da təsdiqləyir: “İnsanlarda artıq virusa yoluxa bilmə inamı qalmayıb. Bu da rahatlıqdan irəli gəlir. Zibil atmağa çıxmışdım. Özüm əslində Əhmədlidə qalıram. Sadəcə, baxdım ki, orada zibil yeşikləri doludur. Ona görə də avtobusa mindim, bura gəldim. Zibili atdım, evə qayıdıram”.

 

Anlaşılan budur ki, vətəndaş zibili uzaqda atmağın vacibliyini öz sağlamlığından daha üstün tutur. Ehtiyat igidin yaraşığıdır deyib, paytaxt sakinlərinin fikirlərini öyrənməyə davam edirik:

 

- İşə gedirəm. Çölə çıxmağımın başqa səbəbi yoxdur. Maska və əlcəyə ehtiyac duymuram. Çünki işimlə evim arasında təxminən 1 dəqiqəlik məsafə var. Getdiyim yol zamanı heç nəyə təmas etmirəm”.

 

- Bir-iki ehtiyacı ödəmək üçün mağazaya gəlmişik. Uşaqların ayaqqabıları da yoxdur. Bir az da hava alsınlar”.

 

Deyilən səbəblər qoyulan tələblərin pozulmasına haqq qazandırmır. Əks halda, indiki dövrdə bu addım sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.

 

Milli Məclisin deputatları da karantin rejiminin yumşaldılması prosesindən sonra insanların sui-istifadə hallarının artdığını deyir. Rəşad Mahmudov bildirir ki, bu düzgün addım deyil, çünki xəstəlik hələ tam sovuşmayıb: “Xüsusən vətəndaşların, eləcə də hər bir insanın, sadəcə, ölkə deyil, eynilə də dünya ilə bağlı həqiqəti diqqətinə çatdırmaq istəyirəm ki, virus xəstəliyində heç də hər şeyin tamamən bitib, rahatlaşması kimi davrana bilmərik. Bu şəkildə davranma həyatımız, çevrəmiz və ailəmiz üçün çox böyük fəsadlara səbəb ola bilər. Hər bir vətəndaşın üzərinə düşən ən vacib məsələ özünü, ailəsini və dünyasını qorumaq üçün rejimlər yumşaldılsa belə, birmənalı olaraq daha ciddi şəkildə tədbirlərimizi görmək, davam etdirmək məcburiyyətindəyik”.

 

Deputat Məlahət İbrahimqızının sözlərinə görə, ölkəmizdə bu xəstəliyin demək olar ki, ağır itki verməsinin qarşısı alınıb: “Amma bu, insanların rahat gəzə bilməsi demək deyil. İnsanlar yenə də evlərində qalmağa davam etməli, sosial məsafələrin saxlanılmasına ciddi riayət etməli, kütləvi tədbirlərə getməkdən yayınmalıdır. Bir sözlə, Operativ Qərargahın verdiyi bütün tapşırıqlara əməl etməlidirlər”.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva isə bildirir ki, insanlar özünütəcrid, "Evdə qal!" kampaniyasına davam etməlidir: “Rusiya, İran, Türkiyə kimi ölkələrə baxın. Görün, bu xəstəlik necə ağır fəsadlar yaradıb, nə qədər insan pandemiyanın əziyyətini çəkir. Ona görə də biz nə etməliyik? Cənab Prezident vurğuladı ki, biz mərhələli olaraq bu addımı doğru atdıq. Ona görə də yumşalma mərhələli şəkildə olacaq. Bu səbəbdən insanlara çağırış edirəm ki, bu yumşalmanın addım-addım getməsi təhlükənin sovuşması demək deyil”.

 

COVID-19 xəstəliyinin peyvəndi hələ tapılmayıb. Bu səbəbdən krantin rejimində qoyulan qadağalara əməl olunmaması prosesin ikinci dalğasının başlamasına şərait yarada bilər. Ona görə də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Əks halda, epidemioloji vəziyyət xəstəliyin dinamikasında artımın yaranmasına, karantin rejiminin yenidən sərtləşdirilməsinə və müvafiq məhdudiyyətlərin yenidən tətbiq olunmasına səbəb ola bilər. Unutmayın, sonrakı peşmançılıq heç vaxt fayda vermir.

 

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv