Ehsan Zahidov: "Tibbi maska taxmayan şəxslərə cərimə tətbiq olunmur"
Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA TV-yə açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər.
DİN sözçüsü paytaxtda quraşdırılan postların sayının azaldılması məsələsinə də aydınlıq gətirib.
O bildirib ki, bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə yayılan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir.