Ekspertdən şok iddia: “Gürcüstandakı erməni alverçilər azərbaycanlılara yararsız avtomobillər satır”

“Gürcüstan bazarlarındakı erməni alverçilər Azərbaycan vətəndaşlarına istismara yararsız avtomobillər satır”.

 

APA TV-nin məlumatına görə, bunu avtomobil eksperti Elməddin Muradlı bildirib.

 

O deyib ki, 2019-cu ildə ölkəyə idxal olunan 47 710 avtomobilin çox az bir qismi yenidir: “Azərbaycana gətirilən avtomobillər arasında texniki cəhətdən yararsız olan, mənşəyi məlum olmayan nəqliyyat vasitələri var. Bu nəqliyyat vasitələri Azərbaycanda müxtəlif təbəqələrdən olan insanlar tərəfindən alınır. Çünki ucuz başa gəlir və texniki təhlükəsizlik məsələsinə önəm verilmir. Mənşəyi məlum olmayan qəzalı avtomobillərin ölkəyə gətirilməsi avtomobil parkının yenilənməsinə ciddi maneədir ”.

 

E.Muradlı bildirib ki, istifadəyə yararsız nəqliyyat vasitələrinin ölkəyə buraxılmasının qarşısını almaq üçün müvafiq qanunun qəbul olunmasına ehtiyac var: “Ölkəyə 40 mindən çox avtomobil gətirilib, amma onların çox az bir hissəsi yeni avtomobildir. Onların cəmi 15-20 faizi 0 kilometr kateqoriyasına aiddir. Məhdudiyyət tətbiq etməklə bağlı hansısa bir formada qərar qəbul edilə bilər, amma bu, hazırda ölkədə olan bu tipli avtomobillərə şamil olunmamalıdır. Bu gün həmin avtomobilləri istifadə edənlər onu onsuz da hansısa formada əldə ediblər”.

 

Nəqliyyat eksperti deyir ki, Azərbaycana ən çox avtomobil Gürcüstan bazarlarından gətirilir və istifadəyə yararsız nəqliyyat vasitələrinin həmyerlilərimizə satılmasında erməni işbazlarının da rolu az deyil: “Bu gün Gürcüstanda ən çox avtomobil alıb-satan ermənilərdir. Çox təəssüflər olsun ki, azərbaycanlı alverçilər də onlarla çox böyük məmnuniyyətlə ticarət edirlər. Onlar gürcülərə nisbətən daha aşağı qiymətlər təklif edirlər. Çox təəssüf ki, onlar öz çirkin maraqlarını yerinə yetirir. Bizimkilər də tamah məqsədilə, daha çox pul qazanmaq məqsədilə onlarla alış-veriş edir. Sonradan biz onun ağır fəsadlarını yaşayırıq”.

 

Xatırladaq ki, Gürcüstan Milli Statistika İdarəsinin illik hesabatında bildirilir ki,  Azərbaycan ötən il Gürcüstandan 24 314 ədəd avtomobil idxal edib. Bu da sözügedən ölkənin avtomobil idxalının 36 faizini təşkil edir.

 

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv