“El Çapo”nun oğlunun həbsi hökumətə ağır başa gəldi - Ölkədə iğtişaşlar başladı

Meksika hökuməti məşhur narkobaron Xoakin “El Çapo” Quzmanın oğlu Ovidio Quzmanı həbs edib. Bu barədə CNN məlumat yayıb. Narkobaronun oğlunun Meksikanın Sinaloa əyalətində yerləşən Kuliakan şəhərində həbsindən sonra iğtişaşlar başlayıb.

Hava limanı, bələdiyyə müəssisələri bağlanıb, məktəblər işləmir. Rəsmilər polislə kartel üzvləri arasında baş verə biləcək toqquşmalara görə sakinlərə küçələrə çıxmamağı tövsiyə edib.  Toqquşmalar zamanı 5 mülki şəxs olmaqla 27 nəfər yaralanıb, Milli Qvardiyanın 1 əsgəri öldürülüb. 250-yə yaxın avtomobil qaçırılaraq yandırılıb, 20 küçə bağlanıb, ümumi olaraq 3 hava limanının işini dayandırılıb. Yerli media quldurların Meksika Hərbi Hava Qüvvələrinin 2 helikopterinə və nəqliyyat təyyarəsinə iriçaplı silahlardan atəş açdığını, sonuncunun eniş zamanı zədələndiyini və alovlandığını bildirib.

Yayılan məlumatlara görə, El Çapo nüfuzuna görə məşhur kolumbiyalı narkobaron Pablo Eskobarı geridə qoyur və Meksikadakı vəziyyətə təsir baxımından Quzman dünyanın ən zəngin adamlarından biri olan Karlos Slimdən geri qalmır. 

El Çaponun oğlunun həbsi ABŞ prezidenti Co Bayden və Kanadanın baş naziri Castin Trüdonun Meksikaya səfərindən bir neçə gün əvvələ təsadüf edib. Onlar Şimali Amerika ştatlarının liderlərinin sammitində iştirak etməlidirlər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Ovidio Quzman və onun qardaşı Xoakin Quzman-Lopes atalarının imperiyasının böyük hissəsini miras alıblar. Qardaşlar demək olar ki, bütün Meksika narkotik ticarətinə nəzarət edirlər. Bundan əlavə, Dövlət Departamentinin məlumatına görə, onların Sinaloa ştatında 11 metamfetamin laboratoriyası var.

Müəllif | Apa.Tv
Apa.tv