“Əl-Cəzirə” Naxçıvanla bağlı film yayımlayacaq
"Əl-Cəzirə" televiziyasının Azərbaycanla bağlı növbəti filimi Naxçıvanla bağlı olacaq.
APA TV-nin məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev dekabrın 20-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Əl-Cəzirə” Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə bu günə kimi 4 sənədli filim nümayiş etdirib.
Əsas məqsəd Azərbaycanın zəngin tarixini, mədəniyyətini, turizm potensialını çoxmilyonlu ərəb dünyasına çatdırmaqdır: "Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın digər regionlarını da əhatə edir. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günü ardıcıl olaraq “Əl-Cəzirə”nin "Müsafir" proqramı vasitəsilə nümayiş etdirilir. Artıq filmin 4 bölümü yayımlanıb. Filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxtı ilə 21 dekabr saat 20:30-da nümayiş etdiriləcək".
Çəkilişləri iyun və iyul aylarında Azərbaycanın müxtəlif bölgələrində aparılan filmlərə texniki dəstək müxtəlif qurumlar tərəfindən göstərilib: “Əl-Cəzirə” telekanalının rəhbərliyi ilə görüşüm oldu. Biz həmin filmlərin dublyaj olunması barədə şifahi razılığa gəldik. Ümid edirəm ki, yaxın gələcəkdə filmlərin dublyajı ilə bağlı razılıq əldə edəcəyik və filmləri Azərbaycan auditoriyasına təqdim edə biləcəyik”.
Umud Mirzəyev sənədli filmin bütün çəkiliş xərclərinin “Əl-Cəzirə” Media Şəbəkəsi tərəfindən qarşılandığını bildirib.
Qeyd edək ki, Bakı ilə bağlı 2 film ərəb dünyasına təqdim edilib. Filmin aparıcısı Hazim Abuvaftan, baş prodüseri Ziyad Calaldır.