“Əl-üzümüzü kanalizasiya suyu ilə yuyuruq” - Susuz qalan sakinlər
Bu kadrlar 1969-cu ildə ekranlara çıxan “Şərikli çörək” filmindəndir. Söhbət insanların İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda üzləşdiyi çətinliklərdən gedir. Xüsusilə su təhcizatında yaranan problemlər, onları evlərinə vedrə ilə su daşımağa məcbur edirdi. Amma nə indi müharibədir, nə də vedrə ilə su daşımaq dövrü. Amma Suraxanı rayonu, İkinci Mədən adlanan qəsəbə İkinci dünya müharibəsindəki Bakını xatırladır. Burada yaşayan sakinlər uzun müddətdir ki, içməli su problemindən əziyyət çəkir. Sakinlər deyir ki, bir neçə dəfə müvafiq quruma müraciət etsələr də, şikayətləri ilə maraqlanan olmayıb. Bəli, nəzərə alsaq ki, yaydır və indi suya daha çox ehtiyac var.Amma sakinlər su sözünü daha çox “Suraxanı” sözünün baş hərflərində görürlər. “Azərsu”ASC-dən isə bildirilib ki, mövcud problem müvəqqəti xarakter daşıyır Hə, onu da deyək ki, ərazidə APA TV-nin çəkiliş apardığını eşidən Suraxanı rayon Sukanal İdarəsi tez-bazar əraziyə suyun verilişini təmin etdi. Sonradan öyrəndik ki, çox keçməmiş sakinlərin su xoşbəxtliyi də başa çatıb. Deyəsən Suraxanı sakinlərinin su umduğu “Azərsu” ASC –dən daha çox bulud onların dadına çatacaq. Bunun üçün də payızı gözləmək lazım gələcək. AYTƏN SAKİTQIZI XƏYAL İSKƏNDƏROV APA TV