Eldar Əzizov: “Çimərliklər açılacaq”
“Bu gün saat 00.00-dan xüsusi karantin rejimindən çıxışın yeni mərhələsi başlayıb”.
APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat, parklar, bulvarlarla bağlı yeni həyat başlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, Azərbaycanda yeni tipli modul xəstəxanaların tikintisinə başlanıb, ərzaq ehtiyacları təmin olunub: “Ümumdünya Səhiyyə Təşkilatı da görünən işləri yüksək qiymətləndirib. Müqayisə aparsaq, 10 milyon əhalisi olan Azərbaycanda koronavirusa yoluxanların sayı 3 minə, 2,9 milyon əhalisi olan Ermənistanda 4 minə çatıb”.
İcra başçısı həm də çimərlik mövsümünün açılacağını bildirib. Onun sözlərinə görə, çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır. Bu da bəzi çimərliklərdə sıxlığın yaranmasına səbəb ola bilər: “Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.
Eldar Əzizov həmçinin çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir.
Həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər.
Mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə deyib ki, biz hələ bir müddət bu virusla birgə yaşamalıyıq. Bu müddətin nə qədər olduğu isə bilinmir: “Hələ ki bu xəstəliyin peyvəndi yoxdur. Ona görə də xəstəliyin nə qədər davam edəcəyini bilmirik. Çox asan olan bəzi qaydalara riayət etsək, xəstəliklə bir müddət bu cür yaşaya bilərik. Cəmiyyətin qarşısında elə çətin qaydalar qoymuruq. Xahiş edirik ki, sosial məsafədən istifadə edilsin, qapalı şəraitdə mütləq tibbi maskalardan istifadə edilsin. Amma bütün ölkəni peyvənd istifadəyə verilənə qədər qapalı mühitdə saxlamaq mümkün deyil”.
Operativ Qərargah idman zallarının açılışı ilə bağlı məsələyə də aydınlıq gətirib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bütün sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq: “Sadəcə, bu proseslər mərhələli şəkildə olacaq. Ardıcıllığa riayət olunur, hamısı eyni vaxtda açıla bilməz”.
Toyların bərpası məsələsinə münasibət bildirən İbrahim Məmmədov bildirib ki, toyların iyun-iyul aylarında keçiriləcəyi barədə bu gün hələ bir şey deyə bilmərik: "Bugünkü vəziyyətə istinad edə bilərik ki, şadlıq evlərinin açılması gözlənilmir. Amma bu, bugünkü statistikaya aiddir, növbəti həftə nə baş verəcək, statistika, sanitar-epidemioloji vəziyyət necə olacaq, ona uyğun qərar veriləcək"
Sonda bir daha vətəndaşlardan tibbi maska taxmaq, sosial məsafəni qorumaq tələb olunub.