Eldar Əzizov: “Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb”

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən sürüşməyə əsasən təbii amillər səbəb olub.

 

APA TV-nin verdiyi xəbərə görə, bunu ərazidə araşdırma işləri aparan mütəxəssislər   bildirib. Bununla yanaşı, hündürlükdə tikilən evlərdən axıdılan çirkab suları da torpaq qatının nəmlənməsinə səbəb olub.

 

Torpaq sürüşməsi nəticəsində 1 avtomobil torpaq altında qalıb. Bundan əlavə 1 ictimai iaşə obyektinə və 2 mənzilə zərər dəyib.  Gün ərzində Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sürüşmə zonasında olublar. Sürüşmənin dəqiq səbəbləri yekun araşdırmalardan sonra bəlli olacaq.

 

Sürüşmə zonası kimi ərazi daim diqqət mərkəzində olub. Sürüşmənin qaşısın ala bilmək üçün ərazidə müəyyən önləyici tədbirlər də görülüb.

 

Hazırda gördüyünüz ərazidən torpaq axını aşağıya doğru sürüşüb. Aşağıda beton piltələr var. Lakin torpağın ağırlığına beton dayaqlar davam gətirməyib.

 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov sürüşmə zonasında olub.

 

“Badamdar qəsəbəsi Bakının ən təhlükəli sürüşmə ərazilərindən biridir”-, deyən rəis müavininin sözlərinə görə,  uzun illərdir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində heç bir mühəndis hazırlıq işləri aparılmadan yaşayış evləri və iaşə obyektləri tikilib: “Həmin evlər və obyektlər 40-50 il və daha əvvəl inşa edilib. Həmin evlərdə kanalizasiya işləri aparılmadığından, kanalizasiya suları “şanbo” deyilən yeraltı qurğularda toplanıb. Baş verən sıxıntılar da sürüşməni sürətləndirir.  Bunun nəticəsində də burada sürüşmə hadisələri artır. Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya Yaponiyadan mütəxəssislər dəvət olunub və dərhal işlər başlanılıb. Ərazidə bir çox işlər aparılıb və bir çox istinad divarları tikilib. Bunun nəticəsi olaraq da ərazidəki bir çox evlərin dağılmasının qarşısı alınıb”.

 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da əraziyə gəlib. Eldar Əzizov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ərazidə monitorinqlər aparır: “Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinqlər aparır. Hazırda  dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin aparılmasına başlanılıb. Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi  Rafiq Həsənov da, sürüşməyə texniki amillərin təsir etdiyini deyir: “Ərazidə maili yamacın olması, ərazinin geoloji quruluşunda iştirak edən süxurların fiziki-mexaniki xüsusiyyətləri və son aylar davam edən intensiv atmosfer yağışları, onsuzda sürüşməyə meylli olan sahədə prosesin aktivləşməsinə səbəb olmuş və sürüşmə prosesi baş verib. Sürüşmə prosesi təbii amillərlə yanaşı, texniki amillərlə də izah olunur. Belə ki, yamacın yuxarı hissəsində tikilən fərdi yaşayış evlərindən istifadə olunan suların yamacın üzərinə axıdılması prosesin baş verməsinə müəyyən qədər öz təsirini göstərib”.

 

Qeyd edək ki, sürüşmə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv