Ələt-Astara avtomobil yolunda mühafizə çəpərləri çəkilib

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkəmizin əsas magistral yollarından biridir. Hazırda 202 km hissəsi istismarda olan yolda sürət həddi 120 km/saat-dır.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, belə sürətli yolda avtomobillərin təhlükəsiz hərəkətinə mane olanlar var. Kənar müdaxilələrin qarşısını almaq üçün yolboyu hər iki tərəfdə metal mühafizə çəpərləri çəkilib. Lakin sürücülər, demək olar ki, hər gün mal-qara və digər heyvanların yolun hərəkət hissəsinə çıxması ilə rastlaşırlar. Bu isə, saatda 120 km sürətlə hərəkət edən avtomobilin qəza törətməsinə səbəb ola və insanların həyatı bahasına başa gələ bilər. Əsasən də, magistral yolun 150-202 km-lik hissəsində vəziyyət acınacaqlıdır.

2018-ci ildə istifadəyə verilən birinci texniki dərəcəli yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Ancaq yola müdaxilələrin olması görülən işlərə kölgə salmaqla yanaşı, insanların həyatına ciddi təhlükə törədir. Məsələ ilə bağlı AAYDA-nın 7 №-li Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Ələddin Sadıqov bildirdi ki, qurumun əməkdaşları tərəfindən hər gün mühafizə çəpərlərinə nəzarət olunur. Bunun üçün 65 nəfər çalışır, hər 3 km-ə 1 işçi düşür, amma buna baxmayaraq yenə də neqativ hallar baş verir. Əhali tərəfindən bu mühafizə çəpərinə, yolun xidmətinə ögey münasibət var.

 

Metal torlar oğurlanır, qanunsuz açılır və mal-qara içəri salınır. Çəpərləmə işlərinin aparılması mümkün olmayan yol kəsişmələrində kənar müdaxilələr daha çox olur. Dəfələrlə əhali ilə söhbət aparılıb, bələdiyyələrə, icra nümayəndələrinə, polis orqanlarına yazılı-şifahi şəkildə müraciət edilib. Hələ ki, ciddi bir nəticə əldə olunmayıb. Əsasən də, yolun Ələt-Astara hissəsində mal-qara çox, kəndlər sıx olduğuna görə, qəza hadisələri baş verir. Hazırda qurumun kimisə yerindəcə cərimə edə bilməsi üçün heç bir hüququ yoxdur. Qurumun baş mühəndisi Ələddin Sadıqov onu da əlavə etdi ki, əhalinin çox hissəsi həmin metal çəpəri səliqə ilə kəsirərək, heyvanlarını yolun ərazisinə buraxırlar. Sonra həmin yeri elə bağlayırlar ki, qurumun əməkdaşları heyvanları çıxarmaq istəyəndə həmin kəsilmiş yeri tapa bilmirlər. Hava qaralanda heyvan sahibləri gəlir, oradan heyvanları çıxarırlar. Bu hal hər gün təkrarlanır.

Avtomobillərin təhlükəsiz hərəkətinə mane olan digər bir məsələ isə hərəkət iştirakçıları tərəfindən yolun zibillənməsidir. Həyətindən zibili yığıb, yolun qırağına qoyanlar da var. Biz isə deyilənlərdən belə qənaətə gəlirik ki, magistral yola edilən müdaxilələrin qarşısını almaq üçün həm sürücülər, həm də yaxınlıqda yaşayan əhali xüsusilə səy göstərməlidir. Bu, bir vicdan məsələsidir. Bir heyvanın yolda otlamağı səbəbindən bir ailə qəzaya düşüb məhv ola bilər.

Müəllif | Apa.Tv
Apa.tv