Ələt-Astara yolu 40 km qısalıb, yolpulu niyə azalmır?
Cari ilin yanvar ayında rayonlararası və şəhərlərarası avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri müəyyən olunub. Qiymətlər Tarif Şurasının 31.01.2023-cü il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb və bu tariflər şəhər və rayonlardan Bakı istiqamətinə də şamil edilib. Amma nədənsə Tarif Şurası, cənub bölgəsi istiqamətində olan rayonların gediş haqqlarını köhnə Bakı-Astara yolu ilə hesablayaraq saxlayıb.
İlk olaraq qeyd edək ki, 2018-ci ildə, prezident İlham Əliyevin iştirakı ilə yeni Ələt – Astara - İran ilə dövlət sərhədi avtomobil yolunun açılışı oldu. Bununla da köhnə Bakı – Astara yolu, yeni magistral avtomobil yolla, yəni Ələt - Astara yolu ilə əvəzləndi. Beləliklə məsafə təqribən 35-40 km qədər qısaldı.
Tez-tez iş və ya şəxsi məsələləri üçün Bakı şəhərinə getməli olan Lənkəran sakinləri Tarif Şurasının son qərarı ilə razı deyil. Sakinlərlə söhbətdə bildirdilər ki, Tarif Şurası əslində avtobuslarda gediş haqqını köhnə Lənkəran-Bakı marşrut xətti ilə yox, yeni salınan magistral yola uyğun hesablamalı idi. Çünki hazırda Bakı şəhərinə gedən avtobuslar yeni yoldan istifadə edirlər.
Qeyd edək ki, Tarif Şurasının qərarı 3 fevral 2023 - cü il tarixindən qüvvəyə minib və avtobuslarda gediş haqqları fərqləri km -ə görə cənub zonası istiqamətində olan bütün rayonlara öz təsirini göstərib. Hazırda avtobuslarda Lənkərandan Bakı şəhərinə gediş haqqı 272 km məsafəyə görə (272 * 0,3 qəpik) hesablanaraq 8 manat 20 qəpik müəyyən edilib.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran