Əli Əhmədov İsmayıllıda YAP-ın zona müşavirəsini keçirdi
İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) rayon ilk təşkilat sədrlərinin iştirakı ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib, onların problemlərini dinləyib. Sonra qonaqlar gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
YAP-ın Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir və Qəbələ rayon ilk təşkilat sədrlərinin iştirakı ilə zona müşavirəsinə Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları - Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahmov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış edib.
Əli Əhmədov YAP-ın keçdiyi inkişaf yolundan, gördüyü işlərdən danışıb. O bildirib ki, partiyanın və ölkəmizin inkişafında gənclərin rolu böyükdür. Hazırda YAP-ın 750 mindən çox üzvü var, bunun da 40 faizi gənclərdr. Ölkəmizdə gənclərin siyasi fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev apardığı siyasətdə həmişə gənclərə önəm verir: "Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun”.
Natiqlər gənclərin daha fəal olmasını, sosial şəbəkələrdə ölkəmizi nüfuzdan salmağa çalışan şəxslərə biganə qalmamağı, onların yalan və böhtanlarına münasibət bildirməyi, dövlətimizə qarşı təxribatla məşğul olan insanlarla mübarizə aparmağı, Azərbaycanın milli maraqlarını qorumaq üçün xəyanətkar qüvvələrin çirkin əməllərini pisləməyi tövsiyə ediblər.