Əli Əhmədov: “YAP-ın növbədənkənar qurultayının keçirilməsinə zərurət yoxdur”

“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.

 

APA  TV-nin məlumatına görə, iqtidar partiyasının sədr müavini-icra katibi Əli Əhmədov gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində YAP-ın növbədənkənar qurultayının keçirilməsini vacib hesab etmir.

Namizədlərin müəyyənləşdirilməsinə gəlincə, o, partiyanın müvafiq qurumlarının olduğunu bildirib: “Biz istərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

 

Əli Əhmədov vətənpərvər gənclərdən ibarət parlamentin formalaşacağına ümid bəsləyir: “Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”.

 

Partiya funksioneri vurğulayıb ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşmasına YAP dəstək verəcək: “Biz istərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstərdik ki, YAP-da belə gəncləri irəli çəkək”.

 

“Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil” - deyən Əli Əhmədov əlavə edib ki, parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir: “Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.

 

Ə.Əhmədov deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəlib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.

 

Qeyd edək ki, bu gün YAP-çı deputatlar partiya Siyasi Şurasının tövsiyəsi ilə parlamentin buraxılması üçün Milli Məclisə müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv